“Liam Skales universal oyunçudur. O, karyerası boyu daim inkişafda olub və milliyə çağırılmağa layiqdir”.
"CEMPİON.AZ" xəbər verir ki, bunu İrlandiya millisinin baş məşqçisi Stiven Kenni deyib.
O, DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycanla sabah keçiriləcək oyununa həsr olunan mətbuat konfransına qatılıb. Kenni Dublindəki “Aviva” stadionda baş tutacaq matç barədə danışıb: “Koronavirusdan sağalan Kallum Robinson İngiltərədə klubu ilə məşq edib. O, sabah Azərbaycanla qarşılaşmada meydana çıxa bilər. Rəqibimizi analiz etmişik. Azərbaycan millisi qrupdakı bəzi oyunlarda yaxşı təsir bağışlayır. Bu komandanın özəyini avrokuboklarda uğurla çıxış edən “Qarabağ”ın futbolçuları təşkil edir”.
Azərbaycan yığması kimi xal toplamayan İrlandiyanın baş məşqçisi ilk iki yerdən birini tutmağa ümidini itirdiyini nümayiş etdirib: “Düşünürəm ki, bu qrupda 3-cü yeri tutmaq da pis olmaz. Fikrimcə, qarşıdakı 5 matçda 13 xal toplaya bilərik. Əgər hər şey istədiyimiz kimi alınsa, bunu bacaracağımıza ümid edirəm”.
Qeyd edək ki, sabah baş tutacaq İrlandiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
BİZİM FUTBOL
"Azərbaycan millsinin əsasını “Qarabağ”ın futbolçuları təşkil edir”
03.09.2021 16:28
545