“Azərbaycanlılar Kriştianu Ronaldonun bu oyunda iştirakını gözləyirdi. Ronaldo olmasa da, onların güclü oyunçuları var”.
"CEMPİON.AZ" xəbər verir ki, bunu “Qarabağ”ın müdafiəçisi Kevin Medina DÇ-2022-nin seçmə mərhələsində bu gün keçiriləcək Azərbaycan - Portuqaliya oyunu barədə danışarkən deyib.
Portuqaliya mətbuatına açıqlama verən 28 yaşlı futbolçu rəqibimizin heyətində Bruno Fernandeşi fərqləndirib: “Ronaldo yoxdur, ancaq “Mançester Yunayted”də fantastik çıxış edən Bruno Fernandeş var. Onu həmişə çox bəyənmişəm. Həmçinin Dioqo Jota da matçın nəticəsinə təsir edə bilən ulduz futbolçudur. İki oyunçunun adını çəkdim, ancaq Portuqaliya yığmasında qapıçı da daxil olmaqla digər 9 oyunçunu da qeyd edə bilərəm. Portuqaliyanın yüksək səviyyədə futbolçuları var. Hətta ehtiyatda oturanlar da yaxşıdırlar. Çünki meydana sonradan hansı daxil olsa, eyni səviyyədə iş görür”.
Medina millimizin inkişafda olduğunu da vurğulayıb: “Polşa və Türkiyə kimi keyfiyyətli çempionatlarda futbolçuları var. Həmçinin yerli liqada oynayan səviyyəli oyunçular da var. Qapıçı Şahruddin Məhəmmədəliyev, yarımmüdafiəçi Emin Mahmudov və hücumçu Mahir Emreli kimi keyfiyyətli futbolçulara malik komandadır. Həmçinin Qara Qarayevi də qeyd etməliyəm. Onlar Portuqaliyaya təhlükə yarada biləcək oyunçulardır”.
Azərbaycana gəlməzdən əvvəl Portuqaliyada bir neçə klubun formasını geyinmiş kolumbiyalı bu ölkəni özünə doğma bilir: “Portuqaliya uzun illər mənim evim olub və belə də qalacaq. İki ildir Azərbaycanda çox xoşbəxtəm. Ölkənin ən böyük klubu olan “Qarabağ”la tarix yazmaq istəyirəm”.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Portuqaliya oyunu saat 20:00-da başlayacaq.
BİZİM FUTBOL
"Onlar Portuqaliyaya təhlükə yarada biləcək oyunçulardır”
07.09.2021 09:45
781