“Mən Azərbaycanda yaşayanda və oynayanda çempionatda qol vururduq, amma qeyd etmirdik. Ekstraklasadakı isə hər matç bir bayramdır”.
"CEMPİON.AZ" xəbər verir ki, bunu “Qarabağ”ın sabiq futbolçusu Dani Kintana deyib.
Hazırda Polşa klubu “Yagelloniya”nın formasını geyinən ispaniyalı yarımmüdafiəçi yerli mətbuata geniş müsahibə verib.
34 yaşlı yarımmüdafiəçi “Qarabağ”ın heyətində avrokuboklarda keçirdiyi xatirələrini bölüşüb: “Qarabağ”da qazandıqlarımdan çox məmnunam. Dörd il Avropa Liqasının qrupunda oynadım, əsas heyət üzvü idim. O klubla Çempionlar Liqasında oynamışam. Bunlar mənim üçün inanılmaz xatirələrdir, hamısı gözümün önündədir. Fotoşəkillər, rəqiblərin formalarını toplayıram, bunlar uşaqlarıma danışa biləcəyim anlardır. Bilirsiniz ki, Çempionlar Liqası Avropa Liqasından tamamilə fərqlidir. Oyunçulara və məşqçilərə fərqli yanaşma olur. Yəni Avropa Liqasından üç xal öndədir. “Sevilya” ilə Avropa Liqasında üz-üzə gəlirdik. Rəqib əsas oyunçularını La Liqanın növbəti matçına hazır olmaları üçün oynatmadı. Çempionlar Liqasında isə ehtiyat qüvvədən söhbət gedə bilməz. Hamı 100 faiz ciddidir”.
Dani Kintana hazırda “Legiya”nın formasını geyinən Mahir Emreliyə Polşaya yollanmağı məsləhət gördüyünü də vurğulayıb: “Mahir Emreli həmişə böyük fiziki potensiala malik idi, daşdan da sərt idi. 17 yaşında idi, çox dinamik oynayırdı. Aqressiv deyildi. Sadəcə güclü idi. “Legiya” ilə müqavilə imzalayanda fikrimi soruşdu. Belçikadan da təklifi var idi, amma bura gəlməsini məsləhət gördüm. Ona dedim ki, “Legiya”da çempionluq uğrunda mübarizə aparacaqsan, avrokuboklara qatılacaqsan. Polşa liqasının ona daha uyğun olduğunu izah etdim. Düşünürəm ki, Emrelinin “Top-5” liqalarda oynamaq şansı var. Amma 18-19 yaşında Polşa liqasına gəlməli idi. Yaxşı maaş verdikləri, Avropada uğurlu futbol oynadığı klubda idi. Üstəlik, evdə idi. Çox güman ki, buna görə uzun müddət ölkəsində qaldı”.
Futbolçu Azərbaycanda birgə oynadığı ən böyük futbolçunun isə Asmir Beqoviç olduğunu söyləyib: “Beqoviç ən böyük və ən tanınmış oyunçu idi. Mürəkkəb deyildi, təvazökar davranırdı, özünü uca tutmurdu. Düşünürəm ki, “Bornmut”un sahibi ilə “Qarabağ”ın prezidenti dost idi. Çünki “Bornmut”un sahibi oyuna gəldi, sonra Beqoviç 6 aylıq “Qarabağ”a keçdi. Ancaq onu da deyim ki, İbrahim Şehiç həmin komandada qapını qoruyan Beqoviçdən daha yaxşı idi”.
Qeyd edək ki, ispaniyalı futbolçu 2015-2020-ci illərdə “Qarabağ”ın şərəfini qoruyub.
BİZİM FUTBOL
Dani Kintana: “Bornmut”un sahibi oyuna gəldi, sonra Beqoviç 6 aylıq “Qarabağ”a keçdi"
21.10.2021 11:12
472