Futbol üzrə Ukrayna milli komandasının sabiq baş məşqçisi Andriy Şevçenko İtaliyanın “Genoa” klubunun mentoru ola bilər.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə jurnalist Canluka di Marzio məlumat verib.
Sentyabrın sonunda Amerikanın "777 Partners" şirkəti "Genoa"nın səhmlərinin 99,9%-ni alıb. Məlumata əsasən, klubun yeni sahibləri artıq 45 yaşlı ukraynalı ilə əlaqə saxlayıb, tərəflər müqavilənin müddətini müzakirə edirlər. “Genoa”nın hazırkı baş məşqçisi, 2020-ci ilin dekabrında vəzifəsini icra edən italiyalı David Ballardini qısa müddətdə istefaya göndərilə bilər. İtaliyalı mütəxəssis daha əvvəl üç dəfə (2010-2011, 2013, 2017-2018) komandaya rəhbərlik edib.
“Genoa” İtaliya çempionatında keçirdiyi 12 oyundan sonra 9 xal toplayaraq turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Cümə günü komanda səkkizinci yerdə olan (16 xal) "Empoli" ilə heç-heçə edib (2:2). Şevçenko 2016-cı ilin iyulundan 2021-ci ilin avqustuna kimi Ukrayna millisinə rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 2018-ci il dünya çempionatına vəsiqə qazana bilməsə də, 2020-ci il Avropa çempionatına vəsiqə qazanaraq 1/4 finala yüksəlib.
Ukraynalı hücumçu Kiyev “Dinamo”, İtaliyanın “Milan” və İngiltərənin “Çelsi” klublarında çıxış edib. O, "France Football" jurnalının nəticələrinə görə, 2004-cü ildə Avropanın ən yaxşı futbolçusu kimi "Qızıl top"un sahibidir. "Milan"ın tərkibində 2002/03 mövsümündə "Çempionlar Liqası"nın qalibi olub. O, Ukrayna millisinin heyətində 111 oyun keçirib və 48 qol vurub.