çərşənbə, 27 noyabr 2024

DÜNYA FUTBOLU

Xavi rəsmi olaraq “Barselona”ya baş məşqçi kimi təqdim olundu

08.11.2021 16:56 Oxundu 493


“Barselona” yeni baş məşqçisi Xavi Ernandesi təqdim edib.

"CEMPİON.AZ" xəbər verir ki, bu barədə komandanın tviter səhifəsində paylaşım edilib. Belə ki, 41 yaşlı mütəxəssisin təqdimat mərasimi “Nou Kamp” stadionunda keçirilib.

Bir çox sabiq futbolçu və məşqçilərin, həmçinin 25 min azarkeşin iştirakı ilə baş tutan tədbirdə arenaya klub prezidenti Joan Laporta ilə birlikdə ayaq basan Xavi əfsanəvi kapitanı olduğu kataloniyalılarla 2024-cü ilin yayına qədər müqavilə imzalayıb. O, La Liqa təmsilçisinin sükanı arxasına keçmək üçün Qətər klubu “Əl-Sədd”lə anlaşmasına xitam verib.

Gənc məşqçi ilk müsahibəsində gələcək hədəflərindən bəhs edib: “Layihə orta və uzunmüddətlidir. Böyük işlər görəcək komandamız var. Məşq prosesləri çox şey tələb edəcək. Bəzi şeyləri düzəltmək lazımdır. Xüsusən də, topu itirdikdən sonra təzyiq üzərində işləməliyik. Çətin anda gəlmişəm, amma özümü hazır hiss edirəm. Bilirəm ki, komandanı həvəsləndirməli, nizam-intizamı yaratmalıyıq”.

O, istedadlı kollektivə malik olduqlarını söyləyib: “Titullar əldə etmək üçün təcrübəmi oyunçulara aşılamağa çalışacağam. Təbii ki, oyunçulardan çox şey tələb edəcəyəm. Eyni zamanda onlara kömək üçün buradayam. Kapitanlar Serxio Buskets, Jerar Pike, Jordi Alba, Serxi Roberto və Mark-Andre ter Ştegen kimi oyunçuları tanımaq mənim üçün üstünlükdür”.

Qeyd edək ki, Xavi Ernandesin futbolçu karyerasının böyük hissəsi “Barselona” ilə bağlı olub. O, bu komandanın heyətində 767 oyun keçirib, 85 qol, 185 məhsuldar ötürmə ilə yadda qalıb. Xavi “Barsa” ilə 25 kubok (La Liqa - 8, İspaniya Kral Kuboku - 3, İspaniya Superkuboku - 6, Çempionlar Liqası - 4, UEFA Superkuboku - 2, FİFA Klublararası Dünya Kuboku - 2) qazanıb.