Bakıda keçirilən batut gimnastikası üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
"CEMPİON.AZ" xəbər verir ki, tədbir iştirakçı ölkələrin paradı ilə başlayıb.
Ardınca Azərbaycan yarışda təmsil edəcək yeganə gimnast Mixail Malkin yarışa qatılan idmançılar adından ədalət prinsiplərinə sadiq qalacaqları ilə bağlı and içib.
Mərasimdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, ölkəmiz müxtəlif idman növləri üzrə yarışların uğurlu təşkilatçısı kimi tanınıb: “Bu tədbirlər arasında gimnastika yarışları xüsusi yer tutur. Azərbaycan batut gimnastikası üzrə dünya çempionatına ilk dəfə ev sahibliyi etsə də, bu, gimnastika üzrə Bakıda keçirilən dördüncü dünya birinciliyidir. Azərbaycanda fəaliyyət göstərən müasir idman qurğularındakı şərait, təşkilatçılıq təcrübəsi və xalqımıza məxsus qonaqpərvərlik tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilir. Əziz idmançılar, bu yarış meydanı növbəti dörd gün ərzində sizin ixtiyarınızdadır. Buraya toplaşmış hər kəs – məşqçilər, hakimlər, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəsmiləri, Texniki Komitəsinin üzvləri sizin möhtəşəm çıxışlarınızı dəyərləndirməyə hazırdır. Hamınıza yarışlarda uğurlar arzulayıram. Bakıda keçirəcəyiniz hər bir günün maraqlı və xoş xatirələrlə dolu olacağına inanıram”.
FIG-in prezidenti Morinari Vatanabe 35-ci dünya çempionatında yeni ən yaxşı idmançıların yüksəlişini izləyəcəklərinə ümidvar olduğunu, dünya çempionatı üçün Bakıya yenidən səfər etməkdən məmnunluğunu qeyd edib: “Bu möhtəşəm məkanda bir çox dünya çempionatları təşkil edilib. Amma batut gimnastikası üzrə mundial ilk dəfə Bakıda baş tutur. Yarışı ərsəyə gətirmək üçün zəhmət çəkdiklərinə, bu böyük tədbir üçün bizə mükəmməl şərait yaratdıqlarına görə Azərbaycan Gimnastika Federasiyasındakı dostlarımıza təşəkkür etmək istəyirəm. Deyə bilərik ki, 2021-ci il tərəqqi ilidir. Üç ay əvvəl Olimpiya Oyunlarını keçirdik, indi isə dünya çempionatında iştirak edirik. İki böyük çempionun yanımızda olması bizi çox qürurlandırır. Bunlar Kanadadan Karen Kokbörn və Fransadan Devid Martindir. Onlar bu yarışın batut gimnastikası üzrə səfirləridirlər. Bütün yarış iştirakçılarına uğurlar arzulayıram və batut gimnastikası üzrə 35-ci dünya çempionatını açıq elan edirəm”.
Ardınca Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbir bədii hissə ilə yekunlaşıb.
Qeyd edək ki, noyabrın 21-dək davam edəcək yarışda 33 ölkədən 300-dək gimnast mübarizə aparır. Batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili minibatut üzrə qaliblər müəyyənləşəcək. Komanda çoxnövçülüyü, həmçinin hər növ üzrə komanda hesabında qaliblər müəyyənləşəcək. Çempionatın ilk iki günündə təsnifat, sonuncu iki günündə isə finallar keçiriləcək.