İngiltərənin “Mançester Yunayted” klubu Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində səfərdə İspaniyanın “Vilyarreal” klubuna 2:0 hesabı ilə qalib gəlib.
"CEMPİON.AZ" xəbər verir ki, görüş Vilyarrealdakı "Keramika" stadionunda baş tutub. Qolları Kriştiano Ronaldo (78-ci dəqiqə) və Ceydon Sanço (90) vurub. Matçın baş hakimi Feliks Brıxın avadanlığındakı problem səbəbindən görüşün başlaması təxirə salınıb. Bununla da Ronaldo Çempionlar Liqasının cari mövsümündə 6-cı qoluna imza atıb. Portuqaliyalı forvard 140 qolla Çempionlar Liqası tarixinin bombardiridir. Sançonun qolu komandadakı debütü idi və o, iyul ayında "Dortmund" Borussiyasından "Mançester Yunayted"ə keçid edib.
"Mançester Yunayted" Çempionlar Liqasının pley-off mərhələsini vaxtından əvvəl, qrup mərhələsinin bitməsinə bir tur qalmış təmin edib.
"Mançester Yunayted" Ole Qunnar Sulşerin gedişindən sonra baş məşqçi səlahiyyətlərini icra edən Maykl Karrikin rəhbərliyi altında ilk oyununu keçirib. Karrik 2006-2018-ci illərdə “Mançester Yunayted”də çıxış edib və beşqat İngiltərə çempionu, ölkə və İngiltərə liqa kuboklarının qalibi olub. O, həmçinin Çempionlar Liqası, Avropa Liqası və Klublararası Dünya Çempionatının qalibi olub.
F qrupunda 5 oyundan 10 xalla “Mançester Yunayted” 1-ci yerdə, 7 oyundan 5 xalla “Vilyarreal” 2-ci yerdə, 5 oyundan 4 xalla İtaliyanın “Atalanta”sı 3-cü yerdə, 5 oyundan 3 xalla İsveçrənin “Yanq Boyz” komandası 4-cü yerdə qərarlaşıb.
“Mançester Yunayted” dekabrın 8-də növbəti matçında “Yanq Boyz”u qəbul edəcək. “Vilyarreal” isə həmin gün səfərdə “Atalanta” ilə qarşılaşacaq.
E qrupunda Almaniyanın "Bavariya"sı Kiyev "Dinamo"suna qalib gəlib (2:1). Qrupun digər oyununda “Barselona” Portuqaliya “Benfika”sını qəbul edib.
Qeyd edək ki, “Bavariya” vaxtından əvvəl pley-offa yüksəlib, komanda beş oyunda 15 xal toplayıb. “Barselona”nın 4 matçdan sonra 6 xalı var, onu “Benfika” (4; 4) və “Dinamo” (1; 5) izləyir.