Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) növbəti hesabat-seçki konfransı keçirilib.
"CEMPION.AZ" xəbər verir ki, Gənclər və İdman Nazirliyində keçirilən hesabat-seçki yığıncağında Azərbaycan Velosiped İdmanı Federasiyasının fəaliyyəti barədə 1-ci vitse-prezident Sahib Ələkbərovun hesabat məruzəsi dinlənilib. Sonra Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyinə yeni seçkilər keçirilib. Səsvermə nəticəsində müdafiə sənayesi naziri Mədət Quliyev 4 il müddətinə federasiyanın prezidenti seçilib.
Sahib Ələkbərov federasiyanın 1-ci vitse-prezidenti kimi işini davam etdirəcək. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev federasiyanın vitse-prezidenti seçilib. AzVİF-in prezident və vitse-prezidentləri həm də İcraiyyə Komitəsinə üzv kimi təsdiqlənib. Eyni zamanda Elşən Həsənov, Nadim Babayev və Vüqar Salahov İcraiyyə Komitəsinə üzv seçilib. Fərhad Əliyev federasiyanın baş katibi kimi fəaliyyətinə davam edəcək.
Tədbirdə çıxış edən Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev qarşıda idmançılarımızı nüfuzlu yarışların gözlədiyini bildirib və daha böyük uğurların qazanılması üçün lazımi işlərin görüləcəyini vurğulayıb. Federasiya prezidenti iclasda qaldırılan məsələlərin yerinə yetirilməsi üçün səylə çalışacaqlarını qeyd edib.
Qeyd edək ki, M. Quliyev 2011-ci ildən bu postda çalışan sabiq vergilər naziri Fazil Məmmədovu əvəzləyib.
DİGƏR NÖVLƏR
Nazir AzVİF-in prezidenti oldu
27.11.2021 09:41
561