"Çox parlaq ilk yarı izlədik. Meydanın hər tərəfində basqı qura, kombinasiyalı oyun sərgiləyə, yaxşı qollar vura bildik. Lakin ikinci hissədə ilk yarıdakı intensiv futbolu davam etdirə bilmədik. Bu vəziyyətdə xarakter və intizam göstərmək lazım idi. Nəticədə azarkeşlərin də dəstəyi ilə qələbə qazandıq. Qələbəni onlara həsr edirik".
Bunu "Sabah" komandasının baş məşqçisi Murad Musayev evdə "Keşlə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
37 yaşlı mütəxəssis bildirib ki, fasilədə futbolçularına sanki meydana heç-heçə imiş kimi çıxacaqlarını deyib: "Fasilə ərəfəsində yüklənmə olmasa, bu nəticəni əldə edə bilmərik. Futbolçularımın məşqə yanaşmaları və oyunlara köklənmələrindən razıyam. Get-gedə yaxşı oluruq. İrəlidə görüləsi çox iş var, dayanmaq olmaz".
Musayev qış fasiləsində heyəti gücləndirməklə bağlı suala hələ cavab verməyə hazır olmadığını bildirib. O, hazırda qarşıdakı oyunları düşündüklərini bildirib: "Özümü əvvəlki baş məşqçi ilə müqayisə etmək istəmirəm. Bu, düzgün deyil. Mən yalnız özümdən danışa bilərəm".