29.11.2021 11:50
446
1986-cı il FIFA Dünya Kubokunun çempionu argentinalı Dieqo Maradonenin abidəsi İtaliya çempionatının 14-cü turunun Neapolda keçirilən "Napoli" - "Latsio" matçından əvvəl nümayiş etdirilib.
"CEMPİON.AZ" xəbər verir ki, heykəl ötən ildən Maradonanın adını daşıyan Napolinin ev stadionununda nümayiş etdirilib. Heykəldə topun arxasınca qaçan futbolçu təsvir olunub. Stadionda işıqlar söndürülərək Maradonanın fiquru işıqlandırılıb. Tribunalardakı 40 min azarkeş fənərlər yandırıb.
Mərasimdə FİFA prezidenti Canni İnfantino iştirak edib. Pelenin videomüraciəti stadionun elektron tablosunda da nümayiş olunub:
"Siz bilirsiniz ki, mən Maradonaya necə sevgi və hörmətlə yanaşıram. İndi mən deyə bilərəm ki, biz onun kimi böyük oyunçunu heç vaxt unuda bilmərik. O, bu mərasimə layiqdir".
Maradona 1984 - 1991-ci illərdə "Napoli"də çıxış etdiyi vaxt klub ikiqat İtaliya çempionu olub.
Qeyd edək ki, Maradona 25 noyabr 2020-ci ildə, 61 yaşına beş gün qalmış vəfat edib. Maradonanın ölümünü araşdırmaq üçün yaradılmış tibbi ekspert komissiyası futbolçunun səhhətinə cavabdeh olan həkimlərin hərəkətlərini qeyri-adekvat, qeyri-kafi və diqqətsiz hesab edib. Komissiyanın məlumatına görə, Maradonaya lazımi qayğı və müalicə göstərilməyib. Bundan əlavə, həkimlər futbolçunun ölümünün dəqiq vaxtını müəyyənləşdiriblər. Belə ki, dünya şöhrətli ulduzun reanimasiyaya daxil edilmədən bir neçə saat əvvəl öldüyü iddia edilir.