“Ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq. Görüşə ciddi hazırlaşmışıq. Qrupda nə qədər yaxşı oyun göstərmişiksə, futbolçulardan daha yaxşı oynamağı tələb etmişəm”.
"CEMPİON.AZ" xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
49 yaşlı mütəxəssis Konfrans Liqasının qrup mərhələsinin VI turunun “Bazel”lə səfər oyunu ərəfəsində mətbuat konfransı keçirib. Qurbanov sabahkı görüş barədə fikirlərini açıqlayıb: “Kevin Medina bu gün komandaya qoşulacaq. O, kollektivlə məşq edəcək. Gedişata baxacağıq. Məşqi sonadək etsə belə, sabah dəqiq bəlli olacaq. Hələlik dəqiq məlumat yoxdur. “Bazel”də yaxşı mənada dəyişiklik var. Uğurlu seriya keçirirlər. Rəqibin bir neçə oyunçusu Bakıda tam istədikləri səviyyəyə çatmamışdı. Son matçlarda daha yaxşı səviyyədədirlər. Oyun planında dəyişiklik yoxdur. Lakin öz oyunlarını daha da yaxşılaşdırıblar. Geniş heyətə malikdirlər. Rotasiya deməzdim, amma 11 oyunçunu dəyişmək gücündədirlər. Belə matçlar böyük təcrübə verir. Necə ki, bunu öz komandamızda hiss edirik. Bunu rəqibdə də hiss edirik. Son vaxtlar daha da inamlı oynayırlar. Düşünürəm ki, yaxşı mübarizə aparmaq və layiqli oyun göstərməyə çox istəyirik. Futbolçular təkcə öz oyunlarını göstərməli deyil, həm də rəqibin nə etmək istədiklərini daim izləməlidirlər”.
Qurbanov son matçın səfərdə keçirilməsinə də münasibət bildirib: “Bu oyun elə matçdır ki... Son qarşılaşmadır. Bakıda olsaydı da, futbolçularımdan əvvəlkindən daha yaxşı oynamağı tələb edəcəkdim. Bu gün də bunu etmişəm. Nəticəyə baxsaq, səfərdə daha yaxşı oynadığımız görünür. Amma son oyun olduğu üçün bunun ev ya səfərdə keçirilməsinin fərqi yoxdur. Çox istəyirəm ki, komandam sonuncu matçı inamlı və yaxşı səviyyədə sona çatdırsın”.
Təcrübəli mütəxəssis qrupda 1-ci yer arzusunda olduqlarını da gizlətməyib: “İstəyimiz 1-ci yeri tutmaqdır. Çox istəyərdik ki, bunu yaxşı oyunla qazanaq. Futbolçular qrup mərhələsini elə səviyyədə keçirib ki, onlara irad bildirmək istəmirəm. Sabah onlardan yaxşı, inamlı oyun tələb etmişəm. Qalib gəlmək istəyirik. Yaxşı oyun göstərmək gücündədirlər. Nəticə istədiyimiz kimi olmasa da, futbolçuların oyunundan razı qalacağam”.
BİZİM FUTBOL
Qurbanov 1-ci yeri tutmaq istədiklərini bildirib
09.12.2021 11:30
486