“Mançester Yunayted”in futbolçuları Çempionlar Liqasının qrup mərhələsini “Yanq Boyz”la heç-heçəyə başa vurub.
"CEMPİON.AZ" xəbər verir ki, İngiltərənin “Mançester Yunayted” komandasının futbolçuları Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində İsveçrənin “Yanq Boyz” komandası ilə heç-heçə edib. Ötən gün "Old Trafford"da keçirilən F qrupunun görüşü 1:1 hesabı ilə başa çatıb. Meydan sahibləri Meyson Qrinvudun vurduğu top sayəsində 9-cu dəqiqədə, qonaqlar isə Fabian Rayderin vurduğu top sayəsində 42-ci dəqiqədə fərqlənib. “Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik əsas komandanın bir sıra futbolçularına istirahət verib. Xüsusən də Kriştiano Ronaldo “Yanq Boyz”la oyunu buraxıb. Kvartet cədvəlində vaxtından əvvəl birinci yeri təmin edən "Mançester Yunayted" qrup mərhələsində 11 xal toplayıb. “Yanq Boyz” (5 xal) Avropa Liqasına çıxmaq şanslarını itirərək, qrupda dördüncü yeri tutaraq, avrokuboklarda çıxışını başa vurub.
Dördlükdə ikinci yerin və Çempionlar Liqasının 1/8 final mərhələsinə daha bir vəsiqənin taleyi İtaliya “Atalanta”sı (6 xal) və İspaniyanın “Vilyarreal”ı (7) arasındakı qarşıdurmada müəyyənləşəcək. Komandalar çərşənbə günü Berqamoda oynamalı idilər, lakin şəhərə yağan güclü qar səbəbindən görüş dekabrın 9-u cümə axşamına təxirə salınıb.
DÜNYA FUTBOLU
“Mançester Yunayted” ÇL-nin qrup mərhələsində “Yanq Boyz”la heç-heçəyə qalıb
09.12.2021 11:35
466