çərşənbə axşamı, 26 noyabr 2024

DÜNYA FUTBOLU

Jezniçak sabiq komanda yoldaşı Emrelinin vəziyyətindən danışdı

10.12.2021 16:25 Oxundu 467


Yakub Jezniçak sabiq komanda yoldaşı Mahir Emrelini “Legiya”nın göstərdiyi oyunun qurbanı adlandırıb.​
"CEMPİON.AZ"
xəbər verir ki, Jezniçak bu fikri Emreli barəsində “Legiya”nın hazırda düşdüyü duruma münasibət bildirərkən səsləndirib.
“Qarabağ”da Emreli ilə çiyin-çiyinə çıxış etmiş “Legiya”nın sabiq müdafiəçisi Azərbaycan millisinin forvardının bir müddət əvvəl Polşa mətbuatında yayılan spirtli içki qalmaqalından təsirləndiyini söyləyib: “Onunla bu barədə danışdım. Həmin hadisədən çox təsirləndi. Xəbəri eşidən kimi əmin oldum ki, Mahir həmin qrupda olmayıb. Azərbaycanda mədəniyyətin necə olduğunu bilirəm. Futbolçular tez-tez əyləncə məkanlarını gəzirlər. Amma bu o demək deyil ki, içki içirlər”.
Hazırda Plotsk “Visla”sının formasını geyinən 35 yaşlı oyunçu vaxtilə özünün də “Legiya”da bənzər olaylar yaşadığını vurğulayıb: “O vaxtlar bu məsələləri çox qabartmırdılar, çünki nəticələr yaxşı idi. Oxşar təcrübələrim olub. Bu üzdən də Emreliyə məsləhət verməyə, onu ruhlandırmağa çalışıram ki, tənqidlər oyununa əks olunmasın. Ən çətin anlarda belə, performansımı təhlil edirdim. Əksər matçları yaxşı keçirirdim. Amma qol buraxmağımızla nəticələnən bir səhv etdim. Bu vəziyyət hücumçunun qol vura bilməməsi ilə bənzərdir. Dərhal qiymətləndirmə kəskin sərtləşir. Qəhrəman günahkardan santimetr uzaqdadır”.
Qeyd edək ki, Yakub Jezniçak 2017-2019-cu illərdə ölkəmizdə “Qarabağ”ın formasını geyinib.