“Mahir Emreli və Lukinyasla danışmışıq. Onlar klubdan böyük dəstək alıblar”.
"CEMPİON.AZ" xəbər verir ki, bunu “Legiya”nın idman direktorunun müavini Pavel Tomçik deyib. Polşa klubunun rəsmisi ölkə çempionatında Plotsk “Visla”sı ilə oyundan sonra varşavalı azarkeşlərin hücumuna məruz qalaraq xəsarət alan Azərbaycan millisinin hücumçusu Mahir Emreli və braziliyalı Lukinyasla fərdi söhbətlər aparıldığını söyləyib. O, klub olaraq daim oyunçularını qoruyacaqlarını bildirib: “İdman baxımından heç də yaxşı an deyil. Biz futbolçuları və onların ailələrini dəstəkləməyə daha çox diqqət yetiririk. Ancaq bu kimi hallar kömək etmir”. Pavel Tomçik adıçəkilən oyunçuların müqaviləyə xitam vermək istəməsi ilə bağlı məsələyə də aydınlıq gətirib. Maraqlıdır ki, o, bunu təkzib etməyib: “Müqavilə məsələlərinə gəlincə, biz danışıqlar aparırıq. Hələlik təfərrüatları şərh etmək istəmirəm”.
Qeyd edək ki, mövsümün əvvəlində “Qarabağ”dan keçən Mahir Emrelinin “Legiya” ilə 3 illik müqaviləsi var.
DÜNYA FUTBOLU
“Legiya” Emrelinin ayrılmaq istəyinə reaksiya bildirdi
16.12.2021 16:34
497