çərşənbə axşamı, 26 noyabr 2024

DİGƏR NÖVLƏR

Azərbaycanda narkotikdən istifadə edən idmançıların sayı açıqlandı

20.12.2021 15:11 Oxundu 449

Dekabrın 20-də Azərbaycan Milli Antidopinq Agentliyini (AMADA) idmanda narkotik vasitələrlə mübarizəyə həsr olunmuş “Parlaq gələcək üçün narkotikə yox” mövzusunda tədbir keçirib. 
"CEMPİON.AZ"
xəbər verir ki, yığıncaqda AMADA ilə yanaşı, Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Baş Narkotiklərlə Mübarizə İdarəsi və  Dövlət Gömrük Komitəsinin nümayəndələri də iştirak edib. 

Tədbirdə əvvəlcə idmanda narkotik vasitələrdən istifadə halları və onun  fəsadlarından bəhs edən videoçarx nümayiş etdirilib. Daha sonra çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli problemin aktuallığına diqqət çəkərək AMADA-nın bu sahədə gördüyü işlərlə bağlı məlumat verib. 

Bildirib ki, Azərbaycan Prezidentinin 22 dekabr 2020-ci il tarixli sərəncamı ilə AMADA-nın “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icraçı qurumları siyahısına əlavə edilməsindən sonra bu istiqamətlə fəaliyyət daha da genişləndirilib. Təkcə bu il ərzində antinarkotik təbliğatı və maarifləndirməsi məqsədi ilə idman federasiyaları, idmançılar və onların köməkçi heyəti üçün 8 vebinar, 25 seminar və  1 tədbir keçirilib. Bundan əlavə, keçirilən çoxsaylı digər antdopinq maarifləndirmə tədbirlərində narkotiklə mübarizə məsələsinə xüsusi diqqət yetirilib. 

Hüsyenlinin sözlərinə görə, AMADA antinarkotik fəaliyyətini Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə koordinasiyalı şəkildə qurub. Dövlət Komissiyasının təşkil etdiyi tədbirlərdə də AMADA əməkdaşları aktiv iştirak edib. 

Şəfəq Hüseynli bildirib ki, idmanda narkotik vasitələrdən istifadə dünya da aktual problemdir. Narkotik vasitələr Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan edilmiş maddələr siyahısına daxil edilib. Çoxlu sayda idmançı məhz narkotik vasitələrdən istifadə etdiyinə görə sanksiyalara məruz qalıb.  Azərbaycanda da belə hallara rast gəlinir. AMADA-nın 5 illik fəaliyyəti dövründə 7 belə hal aşkar edilib. Bu isə test nümunələri əsasında aşkarlanmış antidopinq qayda pozuntularının təxminən  11 faizini təşkil edir.

AMADA direktoru deyib ki, Azərbaycanda bu sahədə vəziyyəti ətraflı təhlil etmək məqsədi ilə qurum tərəfindən böyük bir tədqiqat layihəsi icra edilib. O, tədqiqatın nəticələri barədə ətraflı təqdimat edib və bildirib ki, nəticələrinin təhlili bu istiqamətdə fəaliyyəti daha da təkmilləşdirmək, xüsusi ilə də maarifləndirmə tədbirlərində prioritetləri müəyyənləşdirmək və idman sahəsində narkotiklə mübarizə işini daha effektiv təşkil etməyə imkan verir. 

Daha sonra isə Gənclər və İdman Nazirliyinin sektor müdiri Nərmin Aslanbəyova Narkotiklə mübarizə sahəsində gənclərlə bağlı  görülən işlər barədə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbər müavini Tanrıverdi Aydınovun Dövlət Komissiyasının fəaliyyəti barədə, Milli QHT Forumunun prezidenti Rauf Zeyninin narkotiklə mübarizədə ictimaiyyətin rolu barədə, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Nadir Məmmədovun narkotik maddələrlə mübarizə sahəsində görülən işlərlə barədə, Dövlət Gömrük Komitəsinin əməkdaşı Səttar Fətəliyevin narkotik maddələrin ölkəyə gətirilməsinin qarşısının alınması sahəsində görülən tədbirlər barədə çıxış ediblər.