"Bu il "Neftçi" üçün uğurlu keçib. Avrokuboklar və yeni mövsümün ilk yarısı istədiyimiz kimi olmayıb. 2021-ci ili öz aktivimizə yaza bilərik. Klubumuzun əsas və əvəzedici komandası çempion olub. Bu klubumuza yaraşan uğurdur. Bizi yaxın gələcəkdə böyük uğurlar gözləyir".
"CEMPİON.AZ" "Report"a istinadən xəbər verir ki, bu fikirləri "Neftçi"nin prezidenti Kamran Quliyev yeni idman direktoru Zaur Əzizovun təqdimatı üçün təşkil olunmuş mətbuat konfransında deyib.
O, hər sahədə insan resurslarını gücləndirmək istədiklərini söyləyib: "İdman direktoru təyinatı son bir ayın məsələsi deyil. Yaydan bu məsələ qaldırılıb. Belə qərara gəldik ki, idman direktoru vəzifəsinə mütəxəssis təyin olunsun. Bir neçə namizəd içindən Zaur Əzizovu seçdik və onu məsuliyyətli işə layiq gördük. Əzizovun təyinatı səs çoxluğu ilə təsdiqləndi. Bu gün "Neftçi" ailəsinə yeni üzv qatılır. Əzizov "Xəzər Lənkəran"da və "Qəbələ"də tarixi uğurlara imza atıb. Bu il "Neftçi"də ən güclü transfer Zaur Əzizov oldu. 2022-ci ildəki transferlərdə o iştirak edəcək".
"Rəy yazanların 90 faizi müsbət fikirdədir. 10 faizi isə onu tanımayanlardır. Zaur Əzizova uğurlar arzulayıram. "Neftçi" ailəsi güclü kadr qazanıb", - deyə Quliyev əlavə edib.
Klub prezidenti bildirib ki, Əzizov "Neftçi"yə təkcə əsas komandanın transferlərini gerçəkləşdirmək üçün gəlməyib: "2018-ci ildən bu klubun transfer işlərini yaxından izləyirəm. Heç bir dəyişiklik yoxdur. Transfer işləri necə aparılmasından ayrıca danışaram. Bu, bir saatın, bir günün və bir şəxsin qərarı deyil. Zaur Əzizovun buraya sadəcə, əsas komandanın transferi üçün gəlməyib. O, əsas, əvəzedici komanda və akademiyaya cavabdeh şəxs olacaq. Transfer məsələlərinin daha dəqiq olmasını və əvəzedicidən əsas komandaya körpülərin düzgün qurulmasını istəyirik. Akademiyaya yaxşı nəzarət olunmasını hədəfləyirik".
"Neftçi"nin prezidenti Əzizovla ilk danışıqlarının hələ yayda Avropa çempionatının oyunları zamanı gerçəkləşdiyini açıqlayıb: "Yayda vaxtımız az idi. Sizə bir sirr açım: Zaur Əzizovla ilk söhbətimiz Avropa çempionatının oyunları vaxtı olub. "Neftçi"yə idman direktoru gətirmək məsuliyyətli işdir. Bunun üçün götür-qoy etmək və insanı tanımaq lazımdır. Bizim düşüncələrimiz və baxışlarımız üst-üstə düşdü. 5 ay ərzində görüşürdük, amma ciddi söhbətimiz son ayda gerçəkləşdi. Hesab edirəm ki, düzgün qərar vermişik. Hər şeyi zaman göstərəcək".
Quliyevin sözlərinə görə, uzunmüddətli strategiyanı idman direktoru təqdim edəcək və daha sonra vahid sistem yaradılacaq: "Buna uyğun olaraq addım-addım irəliləyəcəyik. Burada vahid kollektiv və imkanlar var. İmkanlar çərçivəsində uzunmüddətli strategiya tərtib ediləcək".