“Mahirlə ilk dəfə tanış olduğum zaman çox təəccübləndim”.
"CEMPİON.AZ" xəbər verir ki, bunu “Legiya”nın baş məşqçisi Aleksandar Vukoviç Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə bağlı danışarkən deyib.
Serbiyalı mütəxəssis 24 yaşlı forvardla görüşdən sonra onunla bağlı xoş təəssürat yarandığını söyləyib. Ancaq o, həmyerlimizin komandada qalacağına əmin danışmayıb: “Televizorda baxdıqdan sonra qarşımda bir az təkəbbürlü oğlan gözləyirdim. Mahir məni təəccübləndirdi, əks təəssürat yaratdı. Şübhəsiz ki, təkəbbürlü adlandırmaq mümkünsüz bir insandır. Onunla çox pozitiv söhbət oldu. Ümid edirəm ki, bizim oyunçumuz olmağa davam edəcək. Lakin mən də hazırda birmənalı, əminliklə cavab verə bilmirəm”.
Vukoviç Plotsk “Visla”sı ilə görüşdən sonra Emreli ilə birlikdə azarkeşlərin hücumuna məruz qalan braziliyalı Lukinyasla da görüşdüyünü və onu mütləq saxlamaq istədiklərini vurğulayıb: “Lukinyası tanıyıram, onun haqqında nə düşündüyümü demişəm. Lukinyası sevirəm, nəyin bahasına olursa-olsun onun burada qalmasını istəyirəm. Lazım olsa, diz çöküb xahiş edəcəyəm. Ona çatdırmağa çalışdım ki, “Legiya”nın sadiq azarkeşlərinin sevimlisidir”.
Çalışdırıcı qış fasiləsində bəzi mövqelərin gücləndiriləcəyini gizlətməyib. O, hətta Mahir Emrelinin çıxış etdiyi hücumun sağ cinahına oyunçu almağa çalışdıqlarını da əlavə edib.
Qeyd edək ki, azarkeşlərin hücumundan sonra Mahir Emrelinin “Legiya”dan ayrılmaq istədiyi bildirilir.