çərşənbə axşamı, 26 noyabr 2024

BOKS

Umar Kremlyov: “Azərbaycanda yarım sözdən bizi başa düşürlər”

23.12.2021 15:12 Oxundu 615

“Azərbaycanda boks o qədər yaxşı inkişaf edib ki, səfərimin məqsədi onu daha da gücləndirməkdir”.
"CEMPİON.AZ" 
"APA"ya istinadən xəbər verir ki, bunu Beynəlxalq Boks Assosiasiyasının prezidenti Umar Kremlyov deyib.

Azərbaycana səfərdə olan qurum başçısı Bakıdakı Boks Mərkəzində məşqçi və idmançılarla görüşüb. O, görüşdən sonra jurnalistlər üçün brifinq keçirib: “Burada belə gözəl boks akademiyası var. Ölkədə yaxşı idmançılar da var. Belqraddakı son dünya çempionatı bunu göstərdi. Azərbaycan boksçuları gözəl nəticələrə nail oldular. Azərbaycan boksçular ölkəsidir. Burada beynəlxalq qlobal tədbirlər keçirilməsi üçün gəlmişəm. Milli federasiya ilə qarşılıqlı fəaliyyətimizi müzakirə edəcəyik. Həmçinin idmançılardan hansı çətinliklərinin olduğunu öyrənəcəyəm ki, onları aradan qaldıraq. Vəzifəmiz bütün idmançılar üçün şərait yaratmaqdır”.

Kremlyov Bakı səfəri çərçivəsində baş tutan və planlaşdırılan görüşləri barədə də danışıb: “İdman naziri ilə qarşılıqlı fəaliyyətimizi müzakirə etdik. Tam dəstəklə qarşılandıq. Ölkə Prezidentinə və hökumətə minnətdaram. Yarım sözdən bizi başa düşürlər və ölkədə idmana dəstək olurlar. İndi idmançı və məşqçilərlə də müzakirələr aparacağıq. Sonra federasiya prezidenti ilə müzakirə edəcəyəm. Vitse-prezidentlərlə də görüşümüz olacaq. Bu gün danışıqların böyük mərhələsidir ki, boksçularımız üçün şəraiti təkmilləşdirək”.

Kremlyov Bakıda dünya çempionatı və ya buna yaxın səviyyəli turnirin keçirilməsi ehtimalına da toxunub: “Azərbaycanda beynəlxalq turnirlərin keçirilməsi gözlənilir. Nəinki beynəlxalq, hətta böyük dünya səviyyəli tədbir gözlənilir. Hələ bunu deməyə hazır deyiləm. Hələlik müzakirələr mərhələsindəyik. Ola bilər ki, bu, dünya çempionatı olsun. Bizdə dünya çempionatından başqa dünya kuboku yarışı da var. İndi yarımpeşəkarlar üçün WSB-ni bərpa edirik. Bundan başqa, “Çempionlar gecəsi” liqası da olacaq. Dünya çempionatı kimi olan “Qızıl əlcək” yarışı da var. Müzakirə edib nədən başlayacağımıza qərar verəcəyik”.

Kremlyov boksun Olimpiya proqramındakı taleyi ilə bağlı suala da toxunub: “Bunu hərə bir cür yozur. Amma boks olacaq. Mən boksu Paris-2024-ün proqramında saxlayan Beynəlxalq Olimpiya Komitəsinə çox minnətdaram. Onlar boksun olmayacağını demir, beynəlxalq assosiasiyanın necə işləyəcəyinə baxacaqlarını söyləyirlər. Komitə 2023-cü ilədək olan bu tövsiyələrin necə yerinə yetirildiyinə baxacaq. Biz böyük işlər gördük, borcları bağladıq, islahatlar apardıq, müstəqil ekspertləri, o cümlədən Maklaren və Haas kimi professorları cəlb etdik. Artıq dünya çempionatında hakimliklə bağlı söz-söhbət olmadı. Yerinə yetirməli olduğumuz üç tövsiyə qalıb. Gələn il bütün bunları etsək, o cümlədən idarəetməni dəyişsək, əlbəttə, 2024-cü ildə Parisdə boks yarışını özümüz keçirmək imkanımız olacaq. Bunlar yerinə yetirilsə və BOK-un sualları qalmasa, boks proqramda qalacaq. İndidən heç kim deyə bilməz ki, 2028-ci ildə necə olacaq. Hazırda ən əsası odur ki, boks 2024-cü ilin proqramında saxlanılıb. Çalışacağıq ki, tövsiyələrlə bağlı heç bir əlavə sual qalmasın”.

Kremlyov boksun Olimpiya proqramından çıxarılması təqdirində idman növünə dəyə biləcək zərbə barədə sualı da cavablandırıb: “Heç vaxt nə olacağı ilə bağlı fikirləşmirəm, bu günü bilirəm. İndi isə beynəlxalq assosiasiya özünün bütün hüquqlarını tamamilə bərpa edib. Tam qarşılıqlı fəaliyyət gedir. Boksun hardasa olmayacağı ehtimalını isə heç nəzərdən belə keçirmirəm. Boks olacaq. Gələcəkdən danışsaq, biz ən nümunəvi beynəlxalq assosiasiyalardan biriyik”.

Assosiasiya prezidenti hakimlik və xalların hesablanması barədə də danışıb: “Hakimlik üzərində işlənilməlidir. Biz müstəqil ekspertləri ona görə cəlb etmişik ki, qiymətləndirmə kənardan olsun. Hər turnirdə analiz aparılacaq və qaydaları pozanlar, təhsili yetərli olmayanlar aşkarlanacaq. Təhsili az olanlara bunu artırmağa kömək edəcəyik, onlar təkrar təhsil alacaq. Qayda pozanlarla isə vidalaşacağıq. İBA-nın qaydaları var. Əgər iki dəfə və ya bir dəfə kobud şəkildə qaydalar pozulubsa, belə insanlarla ömürlük vidalaşacağıq”.