30.12.2021 12:03
450
Hindistanın qərbində yerləşən Qoa əyalətində Portuqaliyalı futbolçu Kriştiano Ronaldonun heykəli qoyulub.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Qoanın elm və texnologiya naziri Maykl Lobo öz "Twitter" səhifəsində yazıb. Çəkisi 410 kq olan qızılı rəngli heykəl ştatın şimalındakı Kalanqut şəhərində quraşdırılıb.
Heykəldə futbolçu topa zərbə endirdiyi anda əbədiləşdirilib. Heykəlin dəyəri 1,2 milyon hind rupisi (16 min dollardan çox) olub. O bildirib ki, Hindistanda ilk dəfədir ki, Kriştiano Ronaldonun heykəli qoyulur:
"Biz bunu futbol sevgisi və gənclərin xahişi ilə, onları bu idmanda yeni zirvələrə çatmağa ruhlandırmaq üçün quraşdırdıq".
Heykəlin quraşdırılması 1961-ci ilə kimi Portuqaliyanın koloniyası olmuş Qoada mübahisələrə səbəb olub. Açılış mərasimində qara bayraqlı fəallar çıxış ediblər. Nazirliyin Qoanın bir çox azadlıq döyüşçüsünü məyus etdiyini və təhqir etdiyi fikri səsləndirilib.
Qeyd edək ki, Ronaldo beşqat “Qızıl top”un sahibidir. O, milli komandalar tarixinin bombardiri, Avropa çempionatının bombardiri, Çempionlar Liqası, Klublararası Dünya Çempionatı və Real Madrid tarixində ən çox qol vuran futbolçudur. Portuqaliya millisi ilə birlikdə Ronaldo Avropa Çempionatının (2016) və Millətlər Liqasının (2019) qalibi olub, Avropa çempionatlarında da gümüş və bürünc medallara sahib olub. Hazırda İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edir.