“Legiya” təlim-məşq toplanışı üçün Dubaya yollanacaq heyəti açıqlayıb.
"CEMPİON.AZ" xəbər verir ki, Polşa klubu hazırlıqda iştirak etməli olan 35 futbolçunun adını bəyan edib ki, onlar arasında Azərbaycan millisinin hücumçusu Mahir Emreli də var.
Bildirilib ki, zədədən əziyyət çəkən Bartoş Kapustka və Joel Abu Hanna yanvarın 14-də düşərgəyə qoşulacaq. Bundan başqa, 5 oyunçunun koronavirusa yoluxduğu üçün təcrid olunduğu, Mahir Emrelinin isə səfərə gedəcək kollektivdə yer almayacağı vurğulanıb.
“Legiya” rəhbərliyi də 25 yaşlı forvardın Dubay toplanışına qatılmasını gözləmir. Xüsusən də, onun kluba ayrılmaq istədiyini bildirən məktub göndərməsindən sonra. Sadəcə, polşalılar formal olaraq Emrelinin adını siyahıda göstərib. Bu, futbolçunun düşərgəyə qatılmaması təqdirində onunla bağlı sərt cəza tədbiri görmək üçün əsaslı səbəb olacaq.
Qeyd edək ki, Mahir Emrelinin “Legiya” ilə sözləşməsi 2024-cü ilin yayına qədərdir.