İngiltərənin "Mançester Yunayted" komandasında futbolçu Kriştiano Ronaldo ilə baş məşqçi Ralf Ranqnik arasında gərginlik yaşanıb.
"CEMPİON.AZ" xəbər verir ki, insident yanvarın 19-da "qırmızı şeytanlar"ın səfərdə "Brentford"a 3:1 hesabı ilə qalib gəldiyi Premyer Liqanın XVII turundan təxirə salınmış matçda baş verib. 71-ci dəqiqədə Ranqnik Ronaldonu Harri Maquayrla əvəzləməyi qərara alıb. Portuqaliyalı hücumçu meydanı tərk edərkən, kameralar önündə Ranqnikə qışqıraraq bunları deyib: "Niyə mən? Niyə məni meydandan çıxardın?"
Daha sonra 37 yaşlı forvard gödəkçəsini əynindən tullayıb və ehtiyat oyunçular skamyasının yanındakı pilləkəndə oturub. Oyundan sonra baş məşqçi Ronaldonun hərəkətini belə dəyərləndərərək arada heç bir problemin olmadığını bildirib:
"Bu, normal haldır, o da oynamaq və qol vurmaq istəyir. Daha əvvəl kiçik zədəsi olmuşdu. İrəlidə daha bir vacib qarşılaşmamızın olduğunu unutmayaq. Digər tərəfdən, "Aston Villa" ilə görüşdə üstünlüyümüzü əldən vermişdik. Eyni səhvi təkrarlamamaq üçün 5 müdafiəçili sistemə keçməyimiz lazım idi. Ronaldo məndən əvəzlənmə səbəbini soruşduqda cavab verdim ki, bu qərarı komandanın mənafeyi naminə qəbul etmişəm. Bir neçə ildən sonra özü məşqçi olduqda məni anlayacaq".
Qeyd edək ki, bu qələbədən sonra xalını 35-ə çatdıran "Mançester Yunayted" 7-ci pillədə qərarlaşıb. Premyer Liqanın debütantı "Brentford" isə 23 xalla 14-cüdür.
DÜNYA FUTBOLU
Ranqnik oyunda Ronaldonu əvəzlədi - Narazılıq yarandı
20.01.2022 14:34
452