bazar ertəsi, 25 noyabr 2024

DİGƏR NÖVLƏR

Pekin - 2022: Bu dəfə daha iddialı olmaq şansımız var

21.01.2022 13:14 Oxundu 465


Gələn ay Pekin-2022 Qış Olimpiya Oyunları start götürəcək.
"CEMPİON.AZ"
xəbər verir ki, Çinin paytaxtındakı yarış fevralın 4-də başlayacaq. Ayın 20-dək davam edəcək Olimpiadada Azərbaycan yığmasının iki üzvü iştirak edəcək. Bunlar Yekaterina Ryabova və Vladimir Litvintsevdir. İdmançılarımız Pekin-2022-də medallara iddialı olmasa da, rekorda imza ata bilərlər. Milliləşən rusiyalılar yetərincə perspektivli olduğu üçün onların yüksək yerlər tutması mümkündür. Litvintsevlə Ryabova medal olmasa da, ilk “altılıq” və ya “onluq” uğrunda mübarizə aparmaq gücündədir. Xüsusilə də Yekaterinaya ümidlər daha böyükdür. Bu ümidlər də rekord gözləməyə əsas verir.
İndiyədək Azərbaycan idmançılarının Qış Olimpiya Oyunlarındakı ən böyük uğuru 12-ci yer olub. Bu nəticə Rusiyanın Soçi şəhərində qeydə alınıb. Yuliya Zlobina və Aleksey Sitnikov 2014-cü ildəki Olimpiadanı 12-ci yerdə bitirib. Fiqurlu konkisürmədə mübarizə aparan idman rəqqaslarımızın bu nəticəsi hələlik rekorddur. Ümumiyyətlə, fiqurlu konkisürənlərimiz adətən ikinci “onluq”da qərarlaşıblar. Dağ xizəkçilərimizin iştirakı daha faciəvi olub. Onlar əksər hallarda heç finişə çatmayıblar. Yekaterina Ryabovanın Yuliya Zlobina və Aleksey Sitnikovun nəticəsini arxada qoyması nəinki inandırıcı, hətta qaçılmaz görünür. 19 yaşlı istedad hər hansı xoşagəlməz hadisə ilə üzləşməsi 12-ci yerdən yüksək nəticə göstərməlidir. Onun əvvəlki göstəriciləri belə düşünməyə əsas verir. Yekaterina son iki Avropa çempionatında 6-cı yeri tutub. O, ötən il mundialda 12-ci olub. Ryabovanın cari mövsüm daha yaxşı çıxış etməsi də diqqət çəkir. Santa-Klara kubokunun qalibi olan konkisürənimiz Denis Ten memorialında fəxri kürsünün ikinci pilləsinə qalxıb. Yekaterina Qran-Prinin iki mərhələsində bu üzərinə çıxıb. Rusiyada 10-cu olan idmançımız Fransada daha yüksək – 7-ci yeri tutub. Litvintsev yığmadakı komanda yoldaşı qədər iddialı görünmür. Lakin bir neçə gün əvvəl başa çatan Avropa çempionatı nikbinliyə əsas verir. Hazırda yaxşı formada olan idmançımız Estoniyanın paytaxtı Tallinndə 8-ci olub. Bu, Vladimirin karyerasında qitə çempionatlarındakı ən yaxşı nəticədir. İki il əvvəl 9-cu, ondan öncə 16-cı olan təmsilçimiz inkişafdadır. Buna mövsümün digər turnirləri də nümunədir. Lombardriya Trofidə 4-cü olan Litvintsevin fəxri kürsüdən bir addım ayırıb. Nedelhorn Trofidə isə konkisürənimiz “altılığ”ı qapayıb.

Azərbaycan idmançılarının Qış Olimpiya Oyunlarında göstəriciləri
Naqano-1998 Qış Olimpiya Oyunları

İqor Paşkeviç (fiqurlu konkisürmə, kişilər) – 16-cı yer
Yuliya Vorobyova (fiqurlu konkisürmə, qadınlar) – 16-cı yer
İnqa Rodionova/Aleksandr Amiçenko (fiqurlu konkisürmə, cütlər) – 18-ci yer

Solt-Leyk-Siti-2002 Qış Olimpiya Oyunları
Elbrus İsakov (dağ xizəyi, kişilər, slalom) – finişə çatmayıb
Sergey Rılov (fiqurlu konkisürmə, kişilər) – 24-cü yer
Kristin Freyzer/İqor Lukanin (fiqurlu konkisürmə, rəqslər) – 17-ci yer

Turin-2006 Qış Olimpiya Oyunları
Kristin Freyzer/İqor Lukanin (fiqurlu konkisürmə, rəqslər) – 19-cu yer

Vankuver-2010 Qış Olimpiya Oyunları
Jedri Notz (dağ xizəyi, kişilər, slalom) – finişə çatmayıb
Jedri Notz (dağ xizəyi, kişilər, nəhəng slalom) – 72-ci yer
Qaya Bassani Antivari (dağ xizəyi, qadınlar, slalom) – finişə çatmayıb
Qaya Bassani Antivari (dağ xizəyi, qadınlar, nəhəng slalom) – 57-ci yer

Soçi-2014 Qış Olimpiya Oyunları
Qaya Bassani Antivari (dağ xizəyi, qadınlar, slalom) – start xəttinə çıxmayıb
Patrik Braxner (dağ xizəyi, kişilər, slalom) – finişə çatmayıb
Patrik Braxner (dağ xizəyi, kişilər, nəhəng slalom) – 53-cü yer
Yuliya Zlobina/Aleksey Sitnikov (fiqurlu konkisürmə, rəqslər) – 12-ci yer

Pxençxon-2018 Qış Olimpiya Oyunları
Patrik Braxner (dağ xizəyi, kişilər, slalom) – finişə çatmayıb

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunları fevralın 4-20-də baş tutacaq. Azərbaycan idmançılarından Litvintsev daha tez mübarizəyə başlayacaq. 

Vladimir ayın 8-də qısa, çıxışı uğurlu alınsa iki gün sonra sərbəst proqramla bacarığını göstərəcək. Qadınların yarışı isə fevralın 15-də başlayacaq və iki gündən sonra başa çatacaq.