“Anton Krivotsyuk müdafiənin müxtəlif mövqelərində oynaya bilir. İkili mərkəz müdafiənin solunda və üçlü mərkəz müdafiənin iki nöqtəsində çıxış etmək bacarığı var”.
"CEMPİON.AZ" xəbər verir ki, bunu Plotsk “Visla”sının baş məşqçisi Maçey Bartoşek komandanın müdafiəçisi Anton Krivotsyuk haqda danışarkən deyib. Çalışdırıcı Polşa mətbuatına açıqlamasında Azərbaycan millisinin futbolçusu barədə müsbət fikirlər səsləndirib. O, 24 yaşlı oyunçunun çatışmazlığını da vurğulayıb:
“Anton klassik sol cinah müdafiəçi rolunu oynamağa daha az meyllidir, ancaq bu özəlliyi də yaxşı olacaq. Böyük potensiala malik gənc oyunçudur, hələ cəmi 24 yaşı var. Onun meydandakı xarakteri istəyimə uyğundur. Çalışqan və amansızdır, hücumçu ilə təmasda olmağı xoşlayır. Taktika və oyunun təşkili baxımından müəyyən çatışmazlıqları var idi. Amma Antonun ən böyük problemi başqa şey idi. Düşünürəm ki, biz bunun öhdəsindən gələ bildik”.
Bartoşek gənc müdafiəçinin problemlərini Azərbaycan Premyer Liqasının aşağı səviyyədə olması ilə əlaqələndirib: “Həm mənim, həm köməkçilərimin, həm də idman direktoru Pavel Maqdoninin Krivotsyukla çoxlu söhbətləri oldu. Məsələ zehni münasibətdən gedir. Unutmayaq ki, Anton yalnız üç komanda arasında rəqabətin getdiyi liqadan gəlib: “Neftçi”, “Qarabağ” və “Qəbələ”. Orada futbolçular əsasən bu komandalarla oyunlarda çətinlik çəkir. Azərbaycan çempionatında yekun nəticəni bu komandaların bir-birilərinə qarşı duelləri həll edir. Digərləri ilə matçlar çox da emosional keçmir. Bu üzdən Anton Ekstraklasadakı təzyiqlərə öyrəşməmişdi”.
45 yaşlı mütəxəssis Azərbaycan çempionatında oyunların gərgin keçməməsinin futbolçulara mənfi təsir göstərdiyini düşünür: “Azərbaycandan olan futbolçularda oyunun psixoloji tərəfi ilə bağlı problemləri olacağını düşünməmişdim. Mən buna təəccübləndim. Orada bir dövrənin maksimum 2-3 oyununda səfərbər olurlar. Halbuki hər həftə belə etməlisən. Bundan başqa, “Visla” Krivotsyukun ilk xarici klubudur. O, bütün mühiti və mədəniyyəti dəyişdi. Hərdən elə gəlirdi ki, Anton hər şeyə “necəsə olacaq” əsasında qərarsız münasibət bəsləyir. Oynamayanda əsəbiləşir, narazı görünürdü. Amma bir dəfə oynayıb, səhvə yol verəndə, çox iş görmürdü. Düşünürəm ki, düzgün istiqamətdə gedirik. Bəzən başqa ölkələrdən gələn futbolçularda belə olur”.
Qeyd edək ki, “Visla”ya ötən ilin yayında “Neftçi”dən keçən Anton Krivotsyuk cari mövsüm 14 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə verib.