Azərbaycan millisinin hücumçusu Mahir Emreli üçün “Sivasspor” “Legiya”ya rəsmi təklif göndərib.
"CEMPİON.AZ" xəbər verir ki, bu barədə Polşanın “SportoweFakty” saytı məlumat yayıb. Bildirilib ki, Türkiyə klubu Varşava təmsilçisinə qayıtmamaqda israrlı olan 25 yaşlı forvard üçün 400 min avro təklif edib. Lakin “Legiya” rəhbərliyinin buna cavabı “yox” olub. Hələ bir neçə ay əvvəl Mahiri 2 milyon avro dəyərində görən polşalılar Super Liqa klubunun təklif etdiyi məbləğlə qane olmayıb.
Türkiyənin bir neçə klubu həmyerlimizlə maraqlansa da, onların da yüksək məbləğ təklif etməsi inandırıcı deyil:
“Zaman keçdikcə Emreli meydanda zəif çıxış etməyə başladı. Həm bu, həm də “Legiya” ilə arasındakı qalmaqal oyunçunun imicinə və dəyərinə təsir edib. Həmçinin valyuta da problem yarada bilər. Mahir Türkiyənin bir neçə klubunun gündəmindədir. Ancaq yerli lirə zəifləyib ki, bu da klubların maliyyə sabitliyini aşağı salıb”.
Adıçəkilən mətbu orqan hesab edir ki, “Legiya” millimizin üzvünü ən yaxşı halda 1 milyon avrodan bir qədər yüksək məbləğə sata bilər.
Qeyd edək ki, bu mövsüm “Legiya”nın heyətində keçirdiyi 33 oyunda 11 qol vuran Mahir Emreli azarkeşlərin hücum etməsi səbəbindən komandanın qış toplanışına yollanmayıb və 2024-cü ilin yayına qədər olan müqaviləyə xitam verilməsi üçün rəsmi məktub göndərib.
DÜNYA FUTBOLU
Emreli üçün təklif olunan pul "Legiya" üçün yetərli olmayıb
22.01.2022 11:00
451