bazar ertəsi, 25 noyabr 2024

DÜNYA FUTBOLU

FIFA-nın yeni icarə qaydaları Azərbaycan klublarına təsir etməyəcək

22.01.2022 12:44 Oxundu 433


"FIFA bu qaydaları 2020-ci ildə həyata keçirmək istəyirdi".
"CEMPİON.AZ"
xəbər verir ki, bunu "Report"a açıqlamasında futbol agenti Səbuhi Səfiyarlı ali qurumun tətbiq etdiyi yeni icarə qaydaları ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, FIFA klubların daha çox öz yetirmələrini oynatmaları və futbolçu yetişdirməyə məcbur etmək üçün belə qayda tətbiq edib. "İki il əvvəl bu qərarın qəbulu pandemiya məsələlərinə görə bir qədər uzandı. Bir çox klublar yalnız icarə hesabına heyəti formalaşdırırlar. Bir mövsüm oynayırlar, daha sonra həmin oyunçular başqa klublara keçirlər və yekunda komanda avrokuboklar ərəfəsində xeyli zəifləyir. Əvvəlki mövsümdəki komandadan əsər-əlamət qalmır. Belə halların qarşısını almaq üçün FIFA iki il əvvəl belə qərar qəbul etmək istəyirdi. Pandemiyaya görə isə 2022-ci ilin iyulundan tətbiq edilməyə başlanacaq".

Səfiyarlı misal olaraq, İngiltərənin "Çelsi" və "Mançester Siti" kimi böyük klublarının icarədə 100-dək gənc oyunçularının olduğunu xatırladıb: "Klublar özləri həmin futbolçuları oynatmır və başqa klublara keçmələrinə də imkan vermirlər, transfer məbləği tələb edirlər. Belə hallar isə oyunçuların inkişafına yetərincə mənfi təsir göstərir. Klub artıq məcburdur ki, oynatmadığı oyunçuları buraxsın".

"Qəbələ" klubunun sabiq meneceri bunun Azərbaycan futboluna çox da təsir etməyəcəyini vurğulayıb: "Bizdə icarədə olan futbolçuların sayı 2-3 nəfəri keçmir. Klublarımızın çoxlu sayda oyunçusu yoxdur ki, birdən-birə neçəsini icarəyə göndərsin. Bu, əsasən böyük klubların futbol bazarında hegemonluğunun qarşısını almaq məqsədi daşıyır. Böyük klublardan yüzlərlə oyunçusu icarədə olanlar var. Artıq burada limit olduğu üçün 2022-ci ildən 30 iyun 2023-cü ilədək hər hansı klub 8-dən çox oyunçu icarəyə verə və ya götürə bilməyəcək. Növbəti ildən isə bu say 6-ya enəcək. Artıq klublar başa düşəcəklər ki, öz yetişdirdikləri olmasa, təkcə icarə hesabına heyəti formalaşdırmaq mümkünsüzdür. Ona görə də məcbur qalıb oyunçu yetişdirməyə və almağa çalışacaqlar. İcarənin müddətini minumum 6 ay, maksimum 1 il qoyublar. Bu, ona görədir ki, klublar futbolçularla 3 illik icarə müqaviləsi bağlamasınlar. Çünki 3 illik müqavilə olanda klub öz işini rahatlaşmış sayır. Qərar ilk növbədə kiçik və orta klubların daha çox çalışmaları, böyük klubların isə transfer bazarını əlində saxlamamaları üçün qəbul edilib".

"Sumqayıt" klubunun sabiq baş məşqçisi Ayxan Abbasov da məsələyə münasibət bildirib. 42 yaşlı mütəxəssis böyük klubların transfer bazarında daha aktiv olduqlarını söyləyib: "Böyük klublar çox futbolçu ilə müqavilə imzalayır və onları icarəyə verirlər. Elə bir dönəm olmuşdu ki, "Çelsi"nin 21-22 oyunçusu icarədə idi. Bunun qarşısını almaq və böyük klubların lazımsız yerə transfer etməmələri üçün bu qərarlar verilib. Hansısa gənc oyunçunu böyük məbləğə transfer edirlər, sonra isə icarəyə göndərirlər. Bəlkə də bunların qarşısını almaq istəyirlər. FIFA da hər şeyi götür-qoy edir. Qərar veriblərsə, nələrisə fikirləşiblər".

Abbasovun sözlərinə görə, yeni qaydalar klubların öz yetirmələrinə daha çox güvənməsinə və şans verməsinə gətirib çıxaracaq: "Bəzən futbolçular akademiyadan çıxırlar və öz klublarında heyətə düşməkdə çətinlik çəkirlər. Məsələn, "Real Madrid"in yetirməsi "kral klubu"nda bir oyuna belə çıxmır, 10 ilədək icarə əsasında bütün klubları gəzir. Bunun qarşısını almaq lazımdır və klublar öz yetirmələrinə önəm verməlidir".

Mütəxəssis icarə müddətinə məhdudiyyət qoyulmasına da toxunub: "Məncə, bir il olması yaxşıdır. Klub futbolçunu 6 ay oynatdıqdan sonra qarşı tərəfin istəyi ilə geri qaytarmalı ola və bundan zərər görə bilər. 1 illik icarədə isə ən azı bilirsən ki, sənin bir il oynayacaq futbolçun var. "Neftçi"yə məxsus olan və icarə əsasında "Keşlə"də çıxış edən Rəhman Hacıyevi misal göstərə bilərəm. Baş məşqçi Samir Abasov da deyib ki, futbolçunu geri qaytarmaq düzgün deyil. O, "Keşlə"nin əsas oyunçularındandır. Gəlib "Neftçi"də əsas heyətə düşməmək futbolçuya da pis təsir edə bilər. O yaşdakı futbolçular daha çox oynamaq üçün gedirlər. İki klub arasında danışıq və müqavilə olmalıdır ki, bir ildən tez geri qaytarıla bilməz. Bunlar hamısı danışılmalıdır".

Abbasov FIFA-nın qərarının Azərbaycan futboluna çox təsir etməyəcəyini söyləyib: "Bizdə klubların elə də böyük heyətləri yoxdur. Komandalar 3-4 futbolçunu icarəyə verirlər. "Sabah" son illər gəncləri icarəyə göndərib Qapıçı Nicat Mehbalıyev "Qəbələ"də oynayır. "Neftçi"dən bir neçə futbolçu var, Turan Vəlizadə və Rəhman Hacıyev "Keşlə"dədir. Səhv etmirəmsə, "Qarabağ"dan yoxdur. Ötən mövsüm "Zirə"də iki oyunçuları icarədə idi. "Sumqayıt"a rəhbərlik etdiyim vaxt Elvin Cəfərquliyevi götürmüşdük. FIFA-nın qərarı bizim komandalara yox, Avropanın böyük klublarına təsirini göstərəcək. Onların akademiyalarında çoxlu oyunçu yetişir və əsas heyətə düşə bilmir. Heyətlərində digər ölkələrdən bir çox ulduz futbolçu yer alır. Məcbur qalıb həmin oyunçuları icarəyə verirlər. İndi icarə olmayacaq. Onları birdəfəlik satmağa məcbur olacaqlar".