"İdman Arbitraj Məhkəməsindən (CAS - red.) məktub gələndə bizə təxirəsalmanın səbəbləri qeyd olunmur".
"CEMPİON.AZ" xəbər verir ki, bunu "Report"a açıqlamasında "Qarabağ"ın keçmiş mətbuat katibi Nurlan İbrahimovun vəkili Fərid Haqverdiyev UEFA-ya qarşı şikayət ərizəsi əsasında məhkəmə qərarını CAS-ın növbəti dəfə ertələməsi barədə danışarkən deyib. Haqverdiyev bildirib ki, məktubda CAS-ın prezidenti və ya müavininin qərarı ilə işin açıqlanma tarixinin uzadıldığı göstərilib:
"Məktubda səbəblər barədə heç bir qeyd olmur. Amma bu, müxtəlif məsələlərlə əlaqədar ola bilər. Konkret demək çətindir. Dekabrda Milad bayramı oldu, koronavirusa görə tam tərkibdə işləyə bilmirlər. Qərarın layihəsinin hazırlanması, göndərilməsi, bir yerə yığışıb müzakirə edilməsi - hamısı vaxt tələb edən prosesdir. Hazırkı uzadılmanın səbəbi ilə bağlı isə fikrimiz yoxdur. Düşünürəm ki, yəqin, bu, sonuncu uzadılma olacaq. Artıq yekun qərar açıqlanacaq".
Vəkil CAS-ın bəzi qərarları uzatdığını xatırladıb:
"Bunlar əsasən dopinq və ya böyük məbləğli işlərlə bağlı olub. İntizam məsələsi ilə bağlı qərarın bu qədər uzadıldığını xatırlamıram. Bəlkə də qərarın hazırlanması vaxt tələb edir, yekun qərar hazır deyil".
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. "Qarabağ" klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb. İdman Arbitraj Məhkəməsi (CAS) onun şikayəti ilə bağlı qərarı 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Lakin bu, ilk olaraq yanvarın 27-dək, sonra isə martın 22-dək uzadılıb.
BİZİM FUTBOL
Nurlan İbrahimovun vəkili: "CAS-ın intizam məsələsini bu qədər uzatdığını xatırlamıram"
25.01.2022 11:57
455