bazar ertəsi, 25 noyabr 2024

BİZİM FUTBOL

"Beşiktaş" Musa Qurbanlı ilə maraqlanmır

27.01.2022 14:48 Oxundu 504


"Musa Qurbanlını və Toral Bayramovu yalnız ad olaraq tanıyıram".

Bunu "Report"a geniş müsahibəsində Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Öndər Karaveli "Qarabağ"ın futbolçuları haqqında danışarkən deyib.

48 yaşlı mütəxəssis bildirib ki, müdafiəçi Bayramov və hücumçu Qurbanlı futbolçu kimi dəyərləndirəcək qədər ona tanış deyillər: "Onlara hər hansı marağımız, izləməmiz və heyətimizə qatmaq üçün cəhdlərimiz yoxdur".

Karavelinin sözlərinə görə, Qurbanlı ilə maraqlanmalarına dair xəbər yalnız medianın iddiasıdır: "Amma mən sizə "Beşiktaş"ın əsas komandasının baş məşqçisi olaraq, deyə bilərəm ki, söylədiyiniz oyunçularla hər hansı əlaqə saxlamamışıq. Bu, klubumuz adından qəti cavabdır".

Mütəxəssis "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhəəsində Fransanın "Marsel" komandası ilə oyunu "Beşiktaş"ın skautlarının izləyəcəyinə dair xəbərlərdən məlumatsız olduğunu dilə gətirib: "O xəbərləri verənlər bu xəbərlərlə də davam edirlər. Amma məndə belə bir məlumat yoxdur".
Karaveli "Qarabağ"ın məşqində izlədiyi Musa adlı futbolçunun 16 yaşlı stopper Musa Məmmədov olduğunu açıqlayıb: "Antalyada Qurban Qurbanovu ziyarət edərkən, komandanın məşqində 2006-cı il təvəllüdlü Musa adlı futbolçunun olduğunu gördüm. Mən 16 yaşlı stopper Musadan danışıram. Bundan çox məmnun oldum, çox sevindim və qürur duydum. Çox qətiyyətlə deyirəm: 2006-cı il təvəllüdlülərdən həm "Qarabağ"ın əsas komandasına, həm də Azərbaycan millisinə keçid edəcək çoxlu oyunçunun olduğuna inanıram".

Baş məşqçi Ağdam təmsilçisinin Antalyadakı təlim-məşq toplanışını izləməsinin səbəbini də açıqlayıb: "Bu ziyarətin səbəbini də dərhal söyləyə bilərəm. Biz də təlim-məşq toplanışı üçün eyni otelə yerləşmişik. Yanvarın 23-də Antalyaya oyun izləməyə gəlmişdim. Ertəsi gün isə boş vaxtım var idi. Həm toplanış keçəcəyimiz oteli və futbol meydanlarının vəziyyətini görmək istədim, həm də gəldiyim vaxt "Qarabağ" komandası buradadırsa, salam verməmək, onları ziyarət etməmək çox böyük kobudluq olardı. Qurban Qurbanov da sağ olsun, məşqdə olmasına baxmayaraq, görüşüb-danışdıq. Ziyarətimin yeganə səbəbi bu idi".