Artıq qış fasiləsi başa çatır. Komandalar qış hazırlıqlarını başa çatdırıb optimal heyətlərini komplektləşdirirlər. Mahir Emrelinin isə taleyi qaranlıq qalmaqda davam edir. Futbolçunun məxsus olduğu “Legiya” klubunun rəsmi saytı sukutunu pozmur. Sayt sonuncu dəfə Mahirlə bağlı mövqeyini belə açıqlayıb: “ Mahir Emrelinin klubla qüvvədə olan müqaviləsi var və o, klub oyunçusudur. “Legiya” dəfələrlə futbolçunu kluba qayıtmağa və müqavilə üzrə öhdəliklərini yenidən yerinə yetirməyə çağırıb və futbolçuya lazım olan bütün dəstəyini təklif edib. Klub futbolçu ilə daim razılığa gəlməyə çalışır və onun nümayəndələri ilə danışıqlar aparır. Eyni zamanda, klub danışıqların məxfiliyini və açıqlanmaların mənfi nəticələr verə biləcəyini nəzərə alaraq, onların məzmununu və nəticələrini açıqlamayacaq”.
Bu açıqlama yanvarın 12-də verilib. 20 gündür ki, Mahir “Legiya”nın yadına düşmür.
Bu gedişat göstərir ki, Mahir Emreli ən azı cari çempionatın sonuna qədər futbolsuz (klubsuz yox!) qalacaq.
Xatırladaq ki, mətbuatda Mahiri almaq istəyən komandaların olması barədə gedən yazılar azarkeşlərə təsəlli verməkdən başqa heç nəyə yaramır. “Legiya”nın razılığı olmadan Mahir heç bir komanda ilə anlaşa bilməz. Yalnız FİFA-nın müsbət qərarı Mahiri bu bataqlıqdan çıxara bilər. Bu qərar nə vaxt veriləcək, ümumiyyətlə, veriləcəkmi sualına isə heç kim dəqiq cavab verə bilməz.