“Report.az” saytı “Neftçi”nin yeni transferi Azər Əliyevin gələcək taleyi barədə informasiya yayıb. Xəbərdə bildirilir ki, "Neftçi" Azər Əliyevə Azərbaycan pasportunun verilməsi üçün AFFA-ya müraciət edib.
Məlumatı agentliyə klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev verib: “Rusiya vətəndaşlığı olan 28 yaşlı yarımmüdafiəçi Peşəkar Futbol Liqasında hələlik legioner kimi qeydiyyatdan keçirilib. Məsələ ilə bağlı proses gedir və heç bir problem yoxdur. Çünki oyunçunun həm atası, həm də anası azərbaycanlıdır. Pasport aldıqdan sonra sənədləri yenidən PFL-ə göndərəcəyik və Əliyev yerli statusunda oynayacaq".
Əlbəttə, bu, azarkeşlər üçün maraqlı informasiyadır. Məsələnin anlaşılmaz tərəfi isə klubun futbolçuya pasport almaq üçün AFFA-ya müraciət etməsidir. Azər Əliyevin milliyyətcə azərbaycanlı olması hər kəsə aydındır. Onun Azərbaycan pasportu almaq istəməsi də təbii haldır. Amma buna görə klubun AFFA-ya müraciət etməsi başa düşülən deyil. Pasportu ölkənin daxili işlər nazirliyinin müvafiq qurumları verir. AFFA isə ölkənin futbol təsərrüfatı ilə məşqul olan qeyri-hökumət təşkilatıdır.
Bəlkə AFFA pasport verən orqandır, biz bilmirik.