bazar ertəsi, 25 noyabr 2024

BİZİM FUTBOL

AFFA-nın 30-cu Konfransı keçirilib

02.02.2022 13:34 Oxundu 470

 
Bu gün “Baku Marriott Hotel Boulevard” oteldə AFFA-nın 30-cu növbəti Konfransı keçirilib.
Konfransda 35 səs hüquqlu nümayəndənin 31 nəfəri iştirak edib və Konfrans yetərsaya uyğun olaraq səlahiyyətli hesab edilib.
Konfransı AFFA-nın prezidenti Rövnəq Abdullayev açaraq iştirakçıları salamlayıb.
Sonra hesabat dövründə AFFA-nın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
İcraçı vitse-prezident Elxan Məmmədov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, AFFA-nın strategiyasına uyğun olaraq növbəti mövsüm Premyer Liqada komandaların sayı 10-a çatacaq. Bu istiqamətdə hazırlıq işləri gedir və fors-major olmasa, böyük ehtimalla, nəhayət, yenidən 10 komandalı Azərbaycan Premyer Liqasını izləyəcəyik. Bölgə futbolunun hər zaman diqqət mərkəzində olduğunu qeyd edən icraçı vitse-prezident pandemiya ilə əlaqədar bir müddət bu sahədə çətinliklərin olduğunu, lakin karantin qaydaları yumşaldıqdan sonra AFFA rəsmilərinin müxtəlif bölgələrə silsilə səfərlərinin təşkil olunduğunu, uşaq komandalarına idman geyimləri, toplar verildiyini, müxtəlif bölgələrdə infrastruktur layihələrinin icrasının davam etdirildiyini bildirib. Pandemiyanın uşaq və gənclər arasında təşkil olunan yarışlara da təsirsiz ötüşmədiyini deyən E.Məmmədov, çətinliklərə baxmayaraq, liqaların bərpa olunduğunu və yaxın zamanda ən kütləvi turnir olan “Coca-Cola Məktəbli Kuboku” yarışına da yenidən start verilməsinin planlaşdırıldığını qeyd etdi. Çıxışının sonunda Elxan Məmmədov AVRO-2020-nin 4 oyununun Bakı şəhərində təşkil olunması barədə danışıb və ölkəmizin idman tarixində xüsisi əhəmiyyətə malik hadisə olduğunu vurğulayıb.
Sonra AFFA-nın Maliyyə və Mühasibatlıq Departamentinin rəisi Xalid Cavadov və müstəqil auditor  Elnur Kazımov hesabat çıxışı edib.
AVRO-2020 ilə bağlı videoçarxın nümayişindən sonra AFFA-nın İnfrastruktur şöbəsinin müdiri Kamran Vəliyev “AVRO-2020-nin irsi” mövzusunda, Marketinq və Sponsorluq Departamentinin müdiri Tural Piriyev isə “Futbolun İnkişafı Fondu” çərçivəsində tətbiq olunacaq yeni layihə barədə təqdimatla çıxış ediblər. Ardınca Hakimlər Komitəsinin sədri Fritz Stuchlik VAR sisteminin tətbiqi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.
Konfransda iştirak edən UEFA nümayəndəsi Cozef Kliment və FIFA rəsmisi Nodar Axalkatsi çıxış edərək AFFA-ya və Azərbaycan futbol ailəsinə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında qeyd edib ki, hesabat dövrü ərzində futbolun inkişafı, kütləviliyinin təmin olunması istiqamətində çoxsaylı işlər görülüb və layihələr icra olunub.
Çıxışlar başa çatdıqdan AVRO-2020-nin Bakıda keçirilmiş oyunlarında və AFFA-nın müxtəlif tədbirlərində səmərəli fəaliyyətinə görə 12 nəfər könüllü plaketlə təltif olunub. Plaketləri AFFA-nın prezidenti Rövnəq Abdullayev təqdim edib.
AFFA prezidentinin yekun çıxışından sonra Konfrans başa çatıb.
Konfransdan sonra AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.