bazar ertəsi, 25 noyabr 2024

BİZİM FUTBOL

Elxan Məmmədov: "10 komandalı çempionatda legioner limitinə baxmaq olar"

02.02.2022 14:20 Oxundu 469


"8 komandalı çempionatda legioner limitini artırmaq olmaz. Bu halda klublar dərhal legioner sayını artıracaqlar".

Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Növbəti Konfrans və İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

İcraçı vitse-prezidentin sözlərinə görə, çempionatda iştirak edən komandaların sayının artırılmasından sonra bu məsələ üzərində düşünmək olar: "Legioner limiti ilə bağlı müzakirələr hər zaman və hər yerdə gedir. İdeal formanı tapmaq çox çətin olur. Gündəlikdə olmasa da, müzakirələr aparırıq. 8 komandalı çempionatda legioner limitini artırmaq olmaz. Bu halda klublar dərhal legioner sayını artıracaqlar. O zaman ziyanda Azərbaycan futbolçusu olacaq. Bu isə milli komandaya birbaşa təsir göstərəcək. 10 komanda olduqda isə imkanlar genişlənəcək. Çünki yerli futbolçu 9-10-cu komandaya transfer olacaq. İcraiyyə Komitəsinin növbəti iclasında bu məsələ gündəliyə salınaraq, müzakirə olunacaq".

E.Məmmədov bildirib ki, legioner məsələsindən danışanda Qərbi Avropa ölkələrini misal göstərmək lazım deyil: "Çünki orada Avropa İttifaqı vətəndaşlığı var. Ona görə də futbolu Şərqi və Qərbi Avropaya bölmək lazımdır. Bizim futbolçu Avropada əcnəbi futbolçu sayılır".