Türkiyənin "Başakşehir" klubunun baş məşqçisi Emre Belözoğlu Azərbaycan milli komandasının futbolçusu Mahir Emrelinin baş tutmayan transferindən danışıb.
42 yaşlı mütəxəssis "İhlas" agentliyinə müsahibəsində Emrelinin Polşa "Legiya"sı ilə problemlərinin olması səbəbindən bu keçidin alınmadığını bildirib.
Belözoğlu 25 yaşlı hücumçunun Varşava təmsilçisi ilə müqaviləni pozma prosesinin uzun çəkdiyini söyləyib: "Əslındə oyunçu ilə maraqlanmışıq və danışıqlarımız da olub. Amma onunla bağlı problemlər var idi. Emreli "Legiya"da arzulamadığı olay yaşayıb və komandadan ayrılmaq istədiyini bildirib. Lakin yolların ayrılma prosesi uzun çəkdi. Biz isə tezliklə qərar qəbul etməli idik. Yanvar qış transferi üçün asan ay deyil. Bizə kömək edəcəyinə inandığımız oyunçu idi. Lakin hazırkı məqam üçün bu transfer baş tutmadı".
Qeyd edək ki, Mahir Emreli fevralın 2-də Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə 4,5 illik müqavilə bağlayıb. ("Report")