"Bakıda yaşadığım vaxt bütün matçlara baxırdım və onu yığmaya mən çağırmışdım. Çünki yaxşı potensiala malik olduğunu görürdüm".
Bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Mahir Emrelinin Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına keçidini şərh edərkən deyib.
53 yaşlı mütəxəssis bildirib ki, Emreli yarımmüdafiəçi olsa da, qol şansı qazanır və yararlanmağı bacarır. Prosineçkinin fikrincə, futbolda elə gənc futbolçular olur ki, ya karyeraları yüksək səviyyədə alınır, ya da ortalıqdan itirlər.
Ötənlərin məşhur futbolçusu azərbaycanlı oyunçunun Polşa "Legiya"sında statistikasının yaxşı olduğunu söyləyərək, nəyə qadir olduğunu tezliklə görəcəklərini vurğulayıb. Prosineçki 25 yaşlı hücumçunun davranışları barədə Polşa mətbuatının yazdığı fikirlərə də münasibət bildirib: "Azərbaycanda belə hallar baş verməyib. Mən onun barədə yalnız oradakı fəaliyyətim müddətində gördüklərimə əsasən danışa bilərəm".
Qeyd edək ki, Robert Prosineçki Azərbaycan millisində 2014 - 2017-ci illərdə çalışıb.