“Bugünkü oyuna hazırıq. Belə gözəl matçda iştirak etmək yaxşı fürsətdir”.
"CEMPİON.AZ" xəbər verir ki, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə keçiriləcək oyun barədə danışarkən deyib.
Ölkəsinin mətbuatına müsahibə verən fransalı hücumameylli oyunçu güclü rəqiblərdən heç vaxt çəkinmədiklərini bildirib: “Bu səviyyədə oynamağa kifayət qədər təcrübəmiz var. İndiyə qədər qrup səddini heç vaxt keçməmişdik, ancaq həmişə yüksək səviyyəli oyun ortaya qoymuşuq. Baş məşqçimiz hücum futboluna meyl edir. Hətta böyük klubla qarşılaşanda da beş müdafiəçi ilə oynayacaq xarakterdə deyil. Həmişə yüksək tempdə oynamağa, yaradıcı futbola üstünlük verməyə və çox qol vurmağa çalışırıq. Heç vaxt aşağı səviyyəni seçən, rəqibin hücumlarını qarşılayan komanda olmamışıq”.
Zubir Azərbaycan Premyer Liqasını Fransa çempionatları ilə də müqayisə edib: “Azərbaycan çempionatındakı klubları Liqa1-in son pillələrindəki, Liqa2-nin isə orta və aşağı sıralarındakı komandalarla müqayisə etmək olar”.
Baş məşqçi Qurban Qurbanovla bağlı ayrıca danışan 31 yaşlı oyunçu onun işinə məsuliyyətlə yanaşdığını vurğulayıb: “Qurban Qurbanovun futbolçularla arası çox yaxşıdır, amma vahiməli olduğu da doğrudur (gülür). Tələbkardır və gündəlik ciddi həyat tələb edir. Hər şeyə diqqət yetirir”.
Qeyd edək ki, bu gün “Velodrom” stadionunda keçiriləcək “Marsel” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
BİZİM FUTBOL
Abdullah Zubir: "Çox qol vurmağa çalışırıq"
17.02.2022 17:42
454