“Dünən də demişdim ki, riskə gedəcəyik".
"CEMPİON.AZ" xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə keçirilən cavab oyunu barədə danışarkən deyib.
Marseldə 1:3 hesablı məğlubiyyətdən sonra Bakıda da rəqibinə uduzan təmsilçimiz (0:3) avrokuboklarda mübarizəni dayandırıb.
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanov komandasının çıxışını dəyərləndirib: “Riskə getdiyimiz üçün böyükhesablı məğlubiyyəti əvvəlcədən hardasa gözləyirdim. Daha aqressiv, hücumameylli oyun qurmağa çalışırıq. Futbolçularımdan həddən artıq razı qaldım. Möhtəşəm oynadılar. Sadəcə, son 10 dəqiqədə hər şey məlum idi. Bir neçə dəyişikliklər etdim ki, digər oyunçular da bu ab-havanı hiss etsinlər. Saysız-hesabsız hücumlarımız oldu. Ustalıq səviyyəsi fərqlidir. Rəqib 3 qol epizodundan maksimum istifadə elədi. Azarkeşlərimizə təşəkkür edirəm, möhtəşəm atmosfer var idi. Belə böyük klubların Azərbaycana gəlməsi, onlara qarşı oynamağımız futbolumuz üçün böyük təkandır".
- Tarixi alınan bu mövsümdə sizin üçün əsas qazanc nə oldu?
- Avrokubokların ilk oyunundan hər matçda riski göz önünə alırdım. Amma sona kimi qurduğumuz oyun sistemindən əl çəkmədim. Gələcəyi daha stabil etmək üçün mütləq bəzi anlarda nəyisə qurban verməlisən. Futbolçular bu il əvvəlki illərə nisbətən daha çox böyüdülər, çəkinmədilər. Bu, hamımıza böyük ümid verdi. Bugünkü oyunun hesabı aldadıcı ola bilər. Hesab 0:1 olsaydı, bəlkə tam fərqli fikir olardı. Nəyisə qurban verməliyik ki, sabahımız daha təminatlı olsun, bizə inam versin. Futbolçuların xarakterindən çox razı qaldım. Nə qədər çətin olsa da, biz daha çox yaradıcı olmaq istəyirik. Böyümək üçün yaradıcı futbolu təbliğ etmək çox önəmlidir. Torpaqlarımız qayıdınca bir az ehtiyatlanırdım. Amma indi mən də, futbolçularım da daha ürəklidir. Bu mövsüm futbolçularımda istədiyim hər şeyi gördüm.
- Sizə elə gəlmədi ki, komanda bu gün Marseldəkindən zəif oynadı? Xüsusən də, Abdullah Zubir və Kadi Borqes yorğun görünürdü...
- Deməzdim ki, zəif oynadıq. Bu cür rəqibi 80 dəqiqə öz meydanında saxlamaq asan deyildi. Onlar Fransada bir az fərqli oynayırdılar. Orada da 4-lü müdafiə ilə başlasalar da, sonradan 5 müdafiəçiyə keçdilər. Bu gün 5-li müdafiə ilə başladılar. Hiss olunurdu ki, ehtiyatlanırdılar. Rəqib müdafiə oluna-oluna bu qədər qol vəziyyəti yaratdığımız üçün futbolçularımdan razı qaldım. 0:2 hesabından sonra mənim üçün 3 və ya 4-cü qolu buraxmağın fərqi yox idi. Bəzi oyunçuların da bu atmosferi görməsini istədim. Burdakı imkanlar daha çox oldu, nəinki səfərdə. Hətta 0:2-dən sonra müdafiəyə də çəkilə bilərdik. Amma futbolçuları o psixologiyaya salmaq istəmədim. Dəyişikliklərdən sonra pressinqlərdə gecikmələr oldu. Nə cür hazırlaşmışdıqsa, o cür də oynadıq.
BİZİM FUTBOL
"Aqressiv oyun qurmağa çalışırıq"
25.02.2022 11:08
706