“Bizim üçün çətin oyun oldu".
"CEMPİON,AZ" xəbər verir ki, bunu “Marsel”in baş məşqçisi Xorxe Sampaoli Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la cavab oyunundan sonra deyib.
Marseldə 3:1 hesablı qələbə qazanan fransızlar Bakıda da eyni uğura imza ataraq (3:0) 1/8 finala adlayıb.
Oyunsonrası mətbuat konfransında argentinalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Fransadakı matç da çətin olmuşdu. Amma mənə elə gəlir ki, bu dəfə qələbəni daha rahat qazandıq".
- Rəqibin qolunun sayılmadığı epizodda "Qarabağ"dakı həmkarınız Qurban Qurbanov məsələyə müdaxilə etdi. Bu barədə nə deyə bilərsiniz?
- Bilmirəm buna necə şərh bildirim. Həyatımda belə bir şey görməmişdim. Belə səviyyəli yarışda o, bu cür şəxsiyyətli hərəkət etdi. Buna şərh verə bilmirəm. Qurban Qurbanovun yerində olmaq istərdim.
- Uzun illərdir məşqçilik edirsiniz. Bugünkü hadisəyə oxşar vəziyyət sizin çalışdırdığınız komandaların başına gəlibmi? Əgər gəlməyibsə, belə halla üzləşsəydiniz, reaksiyanız necə olardı?
- Belə bir şeyi heç vaxt görməmişəm. Səmimi deyirəm ki, olsaydı, rəqibin baş məşqçisi kimi, hakimin qərarını dəyişməsinə təsir etməzdim, qolun sevincini yaşayardım. Amma bu da mənim üçün bir təcrübə oldu.
- Oyundan əvvəl klubun feysbuk səhifəsindəki paylaşımda Bakıya atla gəldiyiniz işarə edilmişdi. Qurban Qurbanovun bu hərəkətindən sonra evə nə ilə gedəcəksiniz?
- Geriyə təyyarə ilə qayıdacağıq. "Qarabağ"ın Konfrans Liqasındakı digər oyunları da izləmişəm. Etiraf edim ki, hər iki oyunda bizdən üstün futbol oynadılar. Biz yalnız futbolçuların fərdi ustalığı hesabına qalib gəldik.
- Sizcə, oyunun ən yaxşısı kim idi?
- Çox çətin sualdır. Düşünürəm ki, Stiv Mandanda idi.
BİZİM FUTBOL
Xorxe Sampaoli: "Qurban Qurbanovun yerində olmaq istərdim"
25.02.2022 11:34
603