"Keşlə" futbol komandasının "Şamaxı" adı altında eyniadlı şəhərdə keçirəcəyi ilk oyunun tarixi və başlama saatı açıqlanıb.
Bu barədə Şamaxı şəhər stadionunun meneceri Elşad Hüseynov məlumat verib.
Onun sözlərinə görə, Sənan Qurbanovun baş məşqçi olduğu kollektiv martın 18-də yeni arenada meydana çıxacaq. Hüseynov həmin gün "Şamaxı"nın Azərbaycan Premyer Liqasının XX tur matçında "Sumqayıt"ı qəbul edəcəyini bildirib. Süni işıqlandırma sistemi qurulmadığından, qarşılaşma gündüz vaxtı - saat 15:00-da start götürəcək.
Hüseynov hazırda stadionda son tamamlama işlərinin görüldüyünü də diqqətə çatdırıb: "Çəkiliş tribunaya əks tərəfdən olacaq. Buna görə də kameralar üçün qüllə düzəldilir. Eyni zamanda ehtiyat oyunçular və hakimlər üçün skamyaları yerləşdiririk. Şəhərimizdə oyuna maraq böyükdür. Yerli sakinlər matçı səbirsizliklə gözləyirlər".
Qeyd edək ki, Şamaxı şəhər stadionunun açılışı 2021-ci il noyabrın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub. Arena 2 200 tamaşaçı tutumuna malikdir. ("Report")