09.03.2022 18:49
526
İngiltərə Premyer Liqasının rəhbərliyi Premyer Liqa və İngiltərə Kubokunun oyunlarının yayımlanması üçün OKKO platforması ilə müqaviləyə xitam verib. OKKO bu qərarı siyasi motivli adlandırıb:
“İngiltərə Premyer Liqası mövcud müqavilənin şərtlərini pozaraq, OKKO ilə münasibətləri birtərəfli qaydada kəsmək qərarına gəlib. Bu mövqe yalnız siyasi motivlərə əsaslanır.
OKKO İngiltərə Premyer Liqasının oyunlarını rus futbol azarkeşlərinə göstərməyin mümkünsüzlüyünə görə təəssüflənir".
OKKO-nun daxil olduğu Rambler Group 2019-cu ildə İngiltərə Premyer Liqasının eksklüziv hüquqlarını alıb. Tamaşaçılar matçları xüsusi abunə ilə “OKKO Sport” portalında izləyə bilirdilər. Bəzi məlumatlara görə, OKKO Premyer Liqaya hər il təxminən 6 milyon funt sterlinq ödəyirdi.
2022-2023-cü il mövsümündən etibarən Premyer Liqa hüquqları Match TV-nin də daxil olduğu “Qazprom-Media” holdinqinə qaytarılmalı idi. İndi “Qazprom”un bütün layihələri sanksiyalara məruz qalıb. Ona görə də ingilis futbolunun Match TV-yə qaytarılması böyük sual altındadır. İngiltərə mətbuatı xəbər verir ki, Rusiyada "Match TV" tərəfindən yayımlanan İngiltərə Kuboku və İngiltərə Liqa Kubokunun oyunlarını nümayiş etdirməyi dayandıracaq.
Ancaq bütün problem təkcə bu deyil. Bundan əvvəl Fransanın Peşəkar Futbol Liqası (LFP) Fransa çempionatının oyunlarının yayımlanması üçün "Match" telekanalı ilə müqaviləni martın 4-dən dayandırdığını elan edib. Bundan əvvəl Yandex Ukraynadakı vəziyyətlə əlaqədar NHL (Milli Hokkey Liqası) oyunlarının yayım hüquqlarının dayandırılması ilə bağlı bildiriş alıb. Həmçinin Rusiyada NBA görüşlərini yayımlayan Megago portalı da Rusiyada fəaliyyətini dayandırıb.
“Böyük dünya futbolu sürətlə ekranlarımızdan silinir. Milyonlarla pərəstişkar gözəl bir tamaşadan məhrum olur. Match TV şəbəkəsində yaxın gələcəkdə və yəqin ki, kifayət qədər uzun müddət ərzində nələrin baş verəcəyi bəlli deyil.Bəlkə, Bruce Linin döyüş filmlərini göstərək? Deyəsən, tezliklə bizə ilk pandemiya ilində olduğu kimi yenə gözəl Belarus çempionatı göstəriləcək”, - “Sovetskiy Sport” nəşri bildirir.