"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov səfərdə "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında matç barədə fikirlərini açıqlayıb:
"Aşağı sıralarda gedən kollektivlər üz-üzə gəlirdi. Çətin olacağını bilirdik. Futbolçular verilən tapşırıqları yerinə yetirdilə və 3 xal qazanmaq üçün əllərindən gələni etdilər. Bundan əvvəl də komanda yaxşı oynayırdı, sadəcə, qol imkanlarından yararlana bilmirdik. Çempionat sona yaxınlaşdıqca oyunlar daha da çətinləşir. Sonuncu pillələrdə olmaq istəmirik. Rəqibin son iki görüşünü analiz etmişdik. "Zirə" ilə görüşdə çox yaxşı oynamışdılar. "Neftçi"yə qarşı isə daha çox müdafiəyə üstünlük verirdilər. Bu gün üçüncü zonada rəqibə pressinq tətbiq etməyə çalışırdıq. Bu, bəzən alınırdı. 2:0 öndə olsaq da, komandanın boşalmasını istəmirdim. Artıq bu qarşılaşmanı unudub növbəti matça hazırlaşmalıyıq.".