"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat keçirilən konfransında qarşılaşmanın gedişini dəyərləndirib:
"Bu oyuna ümidlə hazırlaşmışdıq. Bəzən "Neftçi" və "Qarabağ" kimi komandaya qarşı müdafiəyə meyilli oynamağa çalışırsan. Amma bu gün öz oyunumuzu sərgiləməyə başladıq və çox dəyişiklik etmədik. İlk hissədə yaxşı çıxış etmədik. Penaltidən sonra “Qarabağ” məsələni həll etmiş oldu. "Qarabağ" kimi komandaya qarşı 0:2 hesabı ilə geridəsənsə, qarşılaşmanı çevirmək çətin olur. Hər oyunda qalib gəlmək mümkün deyil. Bir az şansın da olmalıdır. Rəqib böyük istəklə və motivasiya ilə oynayırdı. Bu gün ilk saniyədən sonadək eyni tempdə davam etdilər".
Sadıqov komandada yorğunluğun olmadığını sözlərinə əlavə edib: "Penalti epizodunadək rəqib böyük üstünlüklə oynayırdı. 0:1 təhlükəli hesab deyil. Penaltiyə gəldikdə isə bu, penalti idisə, Qəbələdəki nə idi? Təmkin Xəlilzadənin qolu oyundan kənar vəziyyət idi? Hakimlikdən danışıb rəqibin uğuruna kölgə salmaq istəmirəm".