bazar ertəsi, 25 noyabr 2024

BİZİM FUTBOL

Qurban Qurbanov: “Çox yaxşı komandaya qalib gəldik”

19.03.2022 21:42 Oxundu 513

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Zirə"yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında suaqarşılaşma haqında fikirlərini açıqlayıb və jurnalistlərin suallarını cavablandırıb:
"Futbolçuları təbrik edirəm, yaxşı oyun göstərdilər və vacib qələbə qazandıq. "Zirə" ötən tur "Qəbələ" ilə iki günlük matç keçirdi. Komandada yorğunluq hiss olunurd. Buna baxmayaraq çox yaxşı komandaya qalib gəldik. Hər iki kollektivə uğurlar arzulayıram".
Qurbanov futbolçularda arxayınlığın olmamasını istəyib: "Xal itirməkdən yox, futbolçuların inamsızlığından narahatam. Məğlubiyyət və xal itkisi oyunçulara inamsızlıq verə bilər. Futbolçular zaman keçdikdə daha da peşəkar olurlar. İl ərzində komandanı eyni səviyyədə saxlamaq çətindir. Müəyyən bir dövr olur ki, komanda formadan uzaq düşür".
Təcrübəli baş məşqçi milli komandaların oyunları ilə əlaqədar yaranmış fasiləyə də toxunub: "Çempionatın sonunadək məni ən çox narahat edən məqamlardan biri budur. Heyətdə yalnız 5 legioner qalacaq. Bu, məni narahat edir. Futbolçuların ayrı-ayrı millilərə getməsi bir tərəfdən sevindiricidir, digər tərəfdən bizə zərbədir. Ümid edirəm ki, zədələr olmayacaq. Buna görə böyük narahatlığım var. Bu gün demək olar ki, komandadan hamını yığmalara dəvət ediblər. Başqa tələblər altında məşq etmələri onları burdakı idman formalarından uzaqlaşdırır. Buna görə narahatam. Məşq prosesini necə aparacağımızın yolunu tapacağıq. Amma keyfiyyət itirəcəyik. Bunu yoluna qoymaq üçün çalışacağıq.
Mütəxəsssis hücumçu Rüstəm Əhmədzadənin az oynamasına da toxunub: "Onda bir az problemlər oldu. Biz hazırlığa başlayanda koronavirusa yoluxdu və xəstəliyi ağır keçirdi. Bu gün onun idman formasından razı deyiləm. Özünə gəlməyə başlayanda zədələndi və bir həftə məşq edə bilmədi. Böyük potensialı var, sadəcə, yaxşı məşq proqramı lazımdır. Ukraynada olan olaylar da ona təsir edib və bu səbəbdən çox pis olmuşdu. Hazırda özünə gəlməyə başlayır. Uyğunlaşması üçün vaxt lazımdır. Daha yaxşı olması üçün çalışacağıq. Mən özüm də onunla danışdım. Ailəsinin bir hissəsi rahat yerdə idi, digərləri Kiyevdə qalırdı. Müəyyən müddət sonra hər şey qaydasına düşdü. Onları bura gətirmək problem idi. Belə halların yaşanması heç kim üçün xoş deyil. Futbolçunu nə qədər motivasiya etsək də, fikri ordadır. Ümid edirəm ki, müharibə tez bir zamanda bitər".