Azərbaycan boksçusu Nicat Hüseynov Avropa çempionu adını qazanıb. O, bu titula Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında qitə birinciliyində yiyələnib.
51 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa birinciliklərinin mükafatçısı finalda gürcüstanlı Lekso Xasayadan güclü olub. Boksçumuz rəqibini 5:0 (30:28, 29:28, 30:27, 29:28, 29:27) hesabı ilə məğlub edərək, qızıl medala layiq görülüb.
Beləliklə, Azərbaycan yığması 11 gün davam edən Avropa çempionatında çıxışını başa vurub. Yarışa 7 boksçu ilə qatılan komandamızın 4 üzvü fəxri kürsüyə yüksəlib. Boksçularımız Poreçdə 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olublar. Hüseynovdan öncə Ruslan Qədirov (54 kq) 2-ci, Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) 3-cü yeri tutublar. Yığma bununla da Azərbaycan boks tarixinin rekordunu təkrarlayıb. Milli komanda 10 il öncə Rusiyada keçirilən U-22-lərin Avropa çempionatında da 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmışdı.
Qeyd edək ki, Nicat Hüseynov 1/4 finalda Antonio Payvanı (İrlandiya), 1/2 finalda Mehmethan Çinarı (Türkiyə) məğlub edib.