bazar, 24 noyabr 2024

DÜNYA FUTBOLU

Rumıniyalı FİFA hakimi  infarkt keçirib

28.03.2022 14:28 Oxundu 437
 
Beynəlxalq Futbol Federasiyasının (FİFA) rumıniyalı hakimi Ovidiu Hatseqan infarkt keçirərək əməliyyat olunub. Bu barədə Rumıniyanın “Gazeta sporturilor” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Hatseqan fərdi fiziki məşqləri başa vurduqdan sonra evdə şiddətli sinə ağrısı hiss edib. O, Rumıniyanın Timişoara şəhərindəki Ürək-Damar Xəstəlikləri İnstitutuna aparılıb və orada əməliyyat olunub. Tibb müəssisəsinin rəhbəri Kristian Tudor bildirib ki, Hatseqanın əməliyyatdan sonrakı vəziyyəti stabildir, hazırda həyatı üçün təhlükə yoxdur.
"O, təcili tibbi yardım maşını ilə ağır vəziyyətdə gətirilib. Hazırda onun vəziyyəti stabildir, biz onun peşəkar karyerasını davam etdirə biləcəyini öyrənmək üçün əlavə müayinəni davam etdiririk", - Tudor bildirib.
Rumıniyalı referi 2008-ci ildən FİFA-nın himayəsində olan oyunları idarə edir. O, dəfələrlə milli komandalar arasında keçirilən iri beynəlxalq turnirlərdə iştirak edib. Fevralın 23-də Hatseqan Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniya "Atletiko"su ilə İngiltərənin "Mançester Yunayted" komandaları arasında 1:1 hesabı ilə başa çatan ilk oyununu idarə edib.