bazar, 24 noyabr 2024

GÜLƏŞ

5 güləşçimiz yarımfinalda

28.03.2022 16:41 Oxundu 624

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start verilib.
Qitə birinciliyində öncə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıb.
Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində İspaniya təmsilçisi Levan Metreveliylə 7:0 hesabıyla qalib gəlib. Astara güləş məktəbinin yetirməsi daha sonra bolqarıstanlı Mikyay Salim Naimi üstələyib - 9:6. Əliabbas yarımfinalda gürcü Beka Bujiaşviliylə qarşılaşacaq.  
Yarışın reytinq favoriti olan Hacı Əliyev (65 kq) mübarizəyə 1/4 finaldan qoşulub. Millimizin liderinin bu mərhələdə türk Munir Aktaşı 12:6 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Titullu güləşçimiz final yolunda moldovalı Maksim Sakultanı sınağa çəkəcək.
Zirəddin Bayramov (70 kq) 1/8 finalda macar Daniel Antaldan güclü olub - 10:6. Şəmkir güləş məktəbinin yetirməsi Şimali Makedoniyadan olan Fati Veyselini də xalçadan məyus yola salıb - 9:4. Gənc pəhləvanımız finalın bir addımlığında gürcü Zurabi Yakobişviliylə mübarizə aparacaq.  
Əşrəf Aşırov (79 kq) ilk mərhələdə bolqar Miroslav Kirova heç bir şans tanımayıb - 9:0. Həmyerlimiz 1/4 finalda Arman Avaqyana tam üstünlüklə (11:0) qalib gələrək adını yarımfinala yazdırıb. Əşrəfin növbəti rəqibi gürcü Vladimeri Qamkrelidze olacaq. 
Maqomedxan Maqomedov (97 kq) AÇ-yə litvalı Lukas Krasauskas üzərində qazandığı inamlı qələbəylə (12:2) start verib. Təmsilçimiz 1/4 finalda Gürcüstanın təcrübəli güləşçisi Elizbar Odikadzeni məğlub edib - 14:7. Maqomedov yarımfinalda polşalı Zbiqniev Mateuş Baranovskiylə qarşılaşacaq. 
Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.