"Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Qarabağ"a 1:5 hesabı ilə uduzduqları oyundan sonra keçirdiyi mətbuat konfransında qarşılaşma haqqında fikirlərini bildirib:
“Bu gün əsasən səhvsiz oynamaq istəyirdik. Rəqib cari mövsüm yeganə məğlubiyyətləri bizdən alıb. Amma həmin dövrlə indiki arasında fərq var. Həm rəqib tamamilə çempionata köklənib, həm də bizdə zədəlilər çoxdur. "Qarabağ"a qarşı mübarizə aparmaq çətindir. Rəqib hazırda ən yaxşı formada olan komandadır.
Hazırda növbəti mövsümə daha yaxşı komanda hazırlamaq haqda düşünürük. Növbəti mövsümdə daha yaxşı komanda formalaşdırmaqla bağlı müzakirələr olub. Yəqin ki, yaxın vaxtlarda hansısa məsələlər haqqında konkret danışa bilərik. Əcnəbi futbolçularla bağlı problemlərimiz var. Çox az sayda legionerimiz mövcuddur. Yerli futbolçuların daha çox olması da çətinlik törədir. Çünki yerlilər arasında seçim etmək asan deyil. Heyətə əcnəbi futbolçular cəlb etsək, mübariz kollektiv yaratmaq olar.Hər oyun heyətimizdə kifayət qədər dəyişikliklər olur. Meydanda bütün oyunçuları görmək istəyirik".