05.04.2022 13:30
818
Şahmat üzrə dünya çempionu Maqnus Karlsen Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rusiyalı qrossmeyster Sergey Karyakini yarışlardan kənarlaşdırılması ilə bağlı qərarına münasibət bildirib.
“Obyektiv qiymət vermək mənim üçün çətindir, çünki vəziyyət qeyri-adidir. Belə tarixi paralellər tapmaq da çətindir. Təbii ki, mən Karyakinlə razı deyiləm. Ancaq qəbul etmədiyimiz bir fikrə görə insanları yarışlardan kənarlaşdırmaq düzgündürmü? Mən buna əmin deyiləm”, – Karlsen bildirib.
Xatırladaq ki, Karyakin FİDE-yə alternativ olaraq öz şahmat təşkilatını yaradacağını bəyan edib.
Qeyd edək ki, FİDE Rusiya və Belarus şahmatçılarını öz ölkələrinin bayrağı və himni altında turnirlərdə oynamaq hüququndan məhrum etmək qərarına gəlib.
Şahmatçılar fərdi şəkildə və ya FİDE bayrağı altında yarışlarda iştirak edə biləcəklər.
Bundan əlavə, təşkilat sanksiyalar siyahısına daxil olan Rusiya və Belarus şirkətləri ilə sponsorluq müqavilələrinə xitam vermək qərarına gəlib.
Xatırladaq ki, Rusiya iyulun 26-dan avqustun 8-dək keçirilməsi nəzərdə tutulan 2022-ci il Şahmat Olimpiadasına ev sahibliyi etmək hüququnu itirib. Yarışa ev sahibliyi etmək üçün Hindistanın müraciət etdiyi bildirilir.