bazar, 24 noyabr 2024

BİZİM FUTBOL

Xaqani Məmmədov hakimliyi tənqid edir

05.04.2022 15:07 Oxundu 1117

AFFA Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədov “Report”a verdiyi açıqlamada xələfi Frits Ştuxliki tənqid atəşinə tutub:

“Çempionatda o qədər səhv olur ki, mən bunları necə sayım? Yaxşı malalayırlar. Frits Ştuxlik vəzifədə olduğu müddətdə heç bir iş görməyib. Olan-qalanı da məhv etdi. Kimi üzə çıxardı? Əliyar Ağayev qabağa getməkdənsə, gerilədi. Avstriyalı yalnız özü üçün çalışır. Avstriyalı mütəxəssis Azərbaycana VAR sistemini gətirmək üçün insanların haqqını yeyir. Bu nə fikir, nə məntiqdir? VAR yoxdur, qapı arxasına əlavə hakim qoy, epizodları izləsin. Belə olsaydı, "Zirə"nin hücumçusu Davit Volkovun "Neftçi"yə qarşı matçda əllə oynadığını görüb referiyə xəbər verəcəkdi. Niyə etmir? Görünür, hakim çatışmazlığı var. Oyunları cəmi 5-6 referi idarə edir”.

Haqlı tənqiddir. Amma bunu Xaqani Məmmədovun deməsi bir qədər düşündürücüdür. Çünki Xaqani Məmmədovun özü vəzifədə olarkan daha çox malalayırdı. Hakimlərə toz qondurmağa imkan vermirdi. Oyunları cəmi 5-6 referinin idarə etdiyini deməsi isə, yumşaq desək, insafsızlıqdır. Xaqani Məmmədovun dövründə cəmi 7-8 baş hakim var idi. Biz jurnalistlr onlara növbətçi hakimlər deyirdik. O vaxt hakimlər nə qədər böyük səhvlər etsələr də, onları cəzalandırmaq olmurdu, çünki onları əvəz edəcək hakim yox idi. Xaqani Məmmdovun dövründə Babək Quluyev, Anar Salmanov kimi perspektivli hakimlərin karyeraları nöqtələndi.

Tənqid edən adam gərək geriyə boylanıb özünün haradan gəldiyinə diqqət etsin. Tənqid etmək işin xeyrinədir. Amma gərək bu tənqiddə qərəz olmasın. Xaqani Məmmədovun tənqidinin isə qərəzlə yoğruluduğunu adi gözlə görmək olur.