06.04.2022 13:42
545
Xəbər verdiyimiz kimi, AFFA-nın Lisenziyalaşdırma Qrupu “Şamaxı” Futbol Klubunun “Keşlə” FK-nın varisi kimi tanınması və “3 illik üzvlük qaydası”nın istisna edilməsi üçün UEFA-ya müraciət etmişdi.
UEFA-nın “Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play” qaydalarında UEFA lisenziyasının alınması üçün tələb olunan meyarlardan biri də lisenziya iddiaçısının lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməsi və daxili yarışlarda iştirak etməsidir. İstisna yanaşmanın tətbiq olunması ilə bağlı AFFA-nın müvafiq müraciəti nəzərə alınaraq, təqdim olunmuş sənədlərə əsasən UEFA-nın Klubların Maliyyə Nəzarəti üzrə Orqanı (CFCB) tərəfindən müsbət qərar qəbul edilmişdir.
PFL-in məlumatı
“Keşlə” futbol klubu ad dəyişikliyi ilə bağlı UEFA, AFFA və PFL-ə müvafiq qaydada rəsmi müraciət edib. Bütün hüquqi prosedurlar yekunlaşdıqdan və sənədlər tam şəkildə təqdim olunduqdan sonra PFL “Şamaxı” futbol klubunu “Keşlə” futbol klubunun tamhüquqlu varisi olaraq qəbul edib.
“Şamaxı” futbol klubu ev oyunlarını Şamaxı şəhər stadionunda keçirəcək.