UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Bununla da yarımfinalın bütün iştirakçıları bəlli olub.
"Liverpul" cavab oyununda "Benfika"nı qəbul edib. Oyun 3:3 hesabı ilə heç-heçə başa çatıb. Hesabı 21-ci dəqiqədə meydan sahiblərindən İbrahima Konate açıb. 32-ci dəqiqədə qonaqlar Qonsalu Ramuşun qolu ilə tarazlığı bərpa ediblər. 55-ci dəqiqədə fərqlənən Roberto Firmino "Liverpul"u yenidən hesabda önə keçirib. Braziliyalı hücumçu 65-ci dəqiqədə özünün 2-ci, komandasının 3-cü qolunu vurub. 78-ci dəqiqədə "Benfika"nın ukraynalı forvardı Roman Yaremçuk hesab arasında fərqi azaldıb. 82-ci dəqiqədə Darvin Nunyes hesabı bərabərləşdirib. Lissabon təmsilçisinin bundan artığına gücü çatmayıb. "Liverpul" iki matçın nəticəsinə əsasən yarımfinala adlayıb. Yarımfinalda “Liverpul” “Vilyareal”la qarşılaşacaq.
Gecənin digər matçında "Mançester Siti" İspaniyada "Atletiko"nun qonağı olub. Oyunda hesab açılmayıb. Mançester təmsilçisi finala gedən yolda növbəti rəqibi "Real Madrid" olacaq.
Çempionlar Liqası, 1/4 final
Cavab oyunları
13 aprel
"Liverpul" (İngiltərə) - "Benfika" (Portuqaliya) - 3:3
Qollar: İbrahima Konate, 21. Roberto Firmino, 55; 65 - Qonsalu Ramuş, 32. Roman Yaremçuk, 78. Darvin Nunyes, 82
Baş hakim: Serdar Gözübüyük (Niderland)
İlk oyun - 3:1
"Atletiko" Madrid (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 0:0
Baş hakim: Daniel Zibert (Almaniya)
Qırmızı vərəqə: Felipe, 90+1 ("Atletiko")
İlk oyun - 0:1