"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Şamaxı"ya 8:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.
"Layiqli qələbə oldu. Futbolçularım çox yaxşı hazırlaşmışdı. İlk dəqiqələrdən hiss olundu ki, hamısında yüksək konsentrasiya var. Futbolçularımı təbrik edirəm. Bu cür qalibiyyətlər il ərzində nadir hallarda olur. O da bu günə düşdü. Futbolda belə məğlubiyyətlərdən qaçmaq mümkün deyil. Vacib qələbə əldə etdik. Rəqibə uğurlar arzu edirəm. Bu komanda ilə səfər matçlarımız ağır ola bilər.Oyunçularımı hər matça daha yaxşı hazırlamaq istəyirəm. Onların ustalıq səviyyəsinin yaxşılaşması üçün əlimizdən gələni edirik. Qarşıdakı hər bir matç bizim üçün vacibdir".
Baş məşqçi bu gün het-trik edən İbrahima Vadji ilə bir neçə klubun maraqlandığını etiraf edib: "Bəli, belə bir şey var idi. Amma Vadji bizim vacib oyunçularımızdan biridir. Özünəməxsus keyfiyyətləri var. Bu gün onları nümayiş etdirdi. Çalışıram ki, hər oyunçu şans qazansın. Vadji əvvəllər start heyətində oynayırdı. Sonra Ramil Şeydayevə şans verdik. Qarşıdakı matçlarda da bu cür dəyişikliklər edəcəyik".